Okt 19, 2019 13:59 Asia/Baku
  • Tehranda Hüseyn Ərbəini karvanına çatmayanların yürüşü keçirilib

Bu gün Tehranın İmam Hüseyn(ə) meydanından bu şəhərin cənubundakı “Şəhre Rey” bölgəsində yerləşən Həzrət Əbduləzim(ə) ziyarətgahınadək olan on yeddi kilometrlik istiqamətdə Hüseyn Ərbəini karvanına çatmayanların yürüşü keçirilib.

Hüseyn Ərbəini karvanına çatmayanların yürüşü bu gün səhər Tehranın İmam Hüseyn(ə) meydanından başlanaraq, piyada istiqamətdə Həzrət Əbduləzim(ə) ziyarətgahınadək davam edib.

Tehran merinin müavini Moctəba Yəzdani bildirib ki, bu istiqamətdə 450 qüvvə və 205 avtomobil vətəndaşlara xidmət göstərib.

Hüseyn Ərbəini karvanına çatmayanların iri yürüşü ərəfəsində cümə axşamı günü səhər çoxlu sayda Əhli-Beyt(ə) aşiqinin iştirakı ilə Tehranda yerləşən Həzrət Əbduləzim Əl-Həsəni(ə)-ın pak ziyarətgahının tozu alınaraq, ətirlənibdir.

Bu gün 1441-ci hicri qəməri ili səfər ayının 20-si, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla düzündə şəhadətinin qırxıncı günüdür.

Çoxlu sayda müsəlman və digər dinlərin davamçıları Ərbəinə bir neçə gün qalandan Nəcəf şəhərindən Kərbəlayadək olan təqribən səksən kilometrlik yolu piyada şəkildə gedərək, özlərini o həzrətin Müqəddəs Kərbəladakı pak ziyarətgahına çatdırıblar.

İraqın rəsmi mənbələrinə görə, ötən il dünyanın ən böyük illik dini toplantısı olan Hüseyn Ərbəini yürüşündə 14 milyona yaxın zəvvar iştirak edib.