Okt 30, 2020 12:46 Asia/Baku
  • İranın məqsədi, Qarabağ bölgəsində atəşkəsin bərqərarıdır

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini münaqişəli Qarabağ bölgəsində atəşkəsin bərqərarına təkid edib.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Əraqçi bu gün Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşdə İranın Qarabağ bölgəsində atəşkəsin bərqərarına dair təklifini ona təqdim edib. Vurğulayıb ki, İran İslam Respublikası əməkdaşlıq üçün lazımi imkanlara malikdir.

Mnatsakanyan da deyibdir ki, Ermənistan bölgənin təhlükəsizliynə qarşı yeni təhdidlərlə bağlı İranın həssaslıqlarını başa düşür. O, İran İslam Respublikasının sülhün və regional stabilliyin qorunması sahəsindəki rolunu alqışlayıb.

Əraqçi və Mnatsakanyan həmçinin beynəlxalq terrorçuların Yaxın Şərqdən münaqişəli Qarabağ bölgəsinə köçürülmələri barədə narahatlıq ifadə edib və onu bütün bölgə üçün ciddi bir təhdid adlandırıblar.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Azərbaycan Respublikası və Rusiya rəsmiləri ilə görüşdən və məşvərətdən sonra dünən gecə İrəvana daxil olub.

Teqlər