ABŞ-ın borcu 26 trilyon dolları keçdi
Tarixdə ilk dəfə ABŞ-ın dövlət borcu hökumətin koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq səyləri ilə əlaqədar olaraq 26 trilyon dolları keçib.
SaharAzeri xəbər verir,ABŞ-ın Maliyyə Nazirliyindən bildirilib ki, may ayının 5-dən etibarən dövlət borcu 1 trilyon dollar artıb. Aprelin 7-də borc 24 trilyon təşkil edib. Donald Tramp Ağ Evə rəhbərlik etdiyi andan bəri dövlət borcu 6 trilyon dollar artıb.
Bundan bir qədər əvvəl dövlət büdcəsində böyük kəsirin əmələ gəlməsi barədə də məlumat yayılmışdı. Belə ki, ötən 8 ayda Birləşmiş Ştatlarda büdcə kəsiri nə az nə çox 1,9 trilyon dollara çatıb.
Beynəlxalq mediaların məlumatına əsasən, sonuncu dəfə 2009-cu ildə büdcə kəsiri 1 il üçün bu qədər böyük olmuşdu. Təkcə may ayında ABŞ-ın büdcə kəsiri 399 milyard dollara çatıb.
Xatırladaq ki, martın ortalarından başlayaraq ABŞ-ın əksər müəssisələri koronavirusa görə çalışmır. Bu fonda ölkənin Ümumi Daxili Məhsul istehsalı ilin ilk 3 ayında 5% azalıb.