Musəviyan: Vyana bəyannaməsi "uduş-uduş" anlaşması və region üçün bir nümunə idi
İyul 18, 2015 11:15 Asia/Baku
İranın keçmiş nüvə müzakirə heyətinin üzvü deyib: Vyanada nüvə müzakirələrinin sonunda əldə olunan bir "uduş-uduş" anlaşması olub və bu da nüvə silahı olmayan bir Yaxın Şərq modelinin yaradılması üçün yaxşı bir nümunə ola bilər.
İranın sabiq nüvə müzakirə heyətinin üzvü Seyid Həsən Musəviyan bir ABŞ telekanalı ilə müsahibədə deyib: İran heç vaxt nüvə silahı ardınca olmayıb və öz nüvə proqramının həmişəlik olaraq sülhsevər olaraq qalacağına istənilən növ zəmanət verməyə hazırdır.Sabiq diplomat İranın müştərək Vyana bəyannaməsi əsasında həyata keçirdiyi etimadyaradıcı addımlara işarə edərək, deyib: İran öz nüvə fəaliyyətlərinin dinc məqsədlər üçün olduğuna və belə olaraq da qalacağına zəmanət vermək üçün bütün mümkün addımları atıb və Qərbin iddia etdiyi nigaranlıqları aradan qaldırıb. Beləliklə də İranın nüvə proqramı dünyanın ən şəffaf nüvə proqramına çevrilib.
İranın Almaniyadakı sabiq səfiri əlavə edib: İran və 5+1 qrupu arasında əldə olunacağı ehtimal edilən anlaşma İranın nüvə işindən daha iri miqyasda faydalı ola bilər. Çünki, İran modelindən bir nümunə olaraq istifadə edilərsə, bu, nüvə silahına malik olmayan bir Yaxın Şərqin formalaşması üçün yeganə yol olmuş olacaq.
İran və 5+1 qrupu 12 il davam edən müzakirələrin ardınca nəhayət 14 iyul tarixində İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri ilə bağlı nigaranlıqların aradan qaldırılması və sanksiyaların ləğv edilməsi üzrə yekun nəticəyə gəlməyə nail olublar.