İraqçı: Azərbaycan ilə əlaqələr İranın gələcək xarici siyasətində xüsusi yerə malik olacaq
İyul 22, 2015 14:43 Asia/Baku
İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı deyib: Biz terrorizm ilə mübarizə aparmaq üçün qonşularımızın silahla təmin və himayə edilməsində heç bir səyimizi əsirgəməyəcəyik və sanksiyaların ləğv edilməsindən sonra İran-Azərbaycan əməkdaşlıqları yeni fəslin şahidi olacaq.
İranın xarici işlər nazirinin müavini və baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı bu gün Xarici İşlər Nazirliyində yerli və xarici jurnalistlərin iştirakı ilə təşkil etdiyi mətbuat konfransında İslam İnqilabının Böyük Rəhbərinə verdikləri dəstəyə görə, təşəkkür edib və deyib: Bizim baxışımızda əldə olunan anlaşma müəyyən zamana malikdir və müxtəlif tərəflər ona sadiq olmalıdırlar. 10 ildən sonra qətnamənin, təsdiq olunması üçün BMT-nin Təhlükəsizlik Şurasına verilməli olması barədə səsləndirilən fikirlərin bizim üçün heç bir dəyəri yoxdur. Amma, buna baxmayaraq, onların rəftarlarını diqqətlə izləyəcəyik.İraqçı həmçinin deyib: İranın dondurulmuş bütün əmlakı azad edilməlidir və aydın olan məsələlərdən biri budur ki, sanksiyaların ləğv edilməsindən sonra bu pulların hamısı azad ediləcək və istifadəyə açıq olacaq.
İraqçı əlavə edib: Anlaşmanın icrasından öncə, Cenevrə anlaşması izləniləcək və aylıq olaraq 700 milyon dollar vəsaitin azad edilməsi prosesi izləniləcək.
İranın baş nüvə müzakirəçisi həmçinin deyib: Keçmişdə mövcud olan silah qadağası, bu gün silah məhdudiyyəti ilə əvəz olunub. Bunun özü son dərəcə böyük bir irəliləyişdir.
İraqçı "S-300" zenit raket sisteminin silah qadağasına şamil olmadığını deyərək, əlavə edib: Bu mövzu Agentliyin səlahiyyətlərindən kənar bir məsələdir.
O, Fransa xarici işlər nazirinin İrana səfəri barədə də deyib: Cenevrə anlaşmasından sonra xarici səfərlər dalğası ilə üzləşmişdik və Vyana anlaşmasının ardınca bu dalğa daha da canlandı. İlk səfər gələn həftə Moqerini və Fabiosun səfəri ilə başlanacaq. Bu səfərlər İran ilə özünü İrandan məhrum edən digər ölkələr arasında iqtisadi əlaqələrin canlanmasına təkan vermiş olacaq.
İraqçı nüvə məsələsi xaric ABŞ-ın mövqeyində hansısa dəyişikliyin baş verəcəyini gözləmədiklərini və eyni zamanda qarşı tərəfin də İranın regional siyasətlərində hansısa dəyişikliyi gözləmədiyini deyərək, vurğulayıb: Nüvə məsələsinin həlli, sadəcə İran və Amerika arasında olan məsələlərdən birinin həlli mənasındadır və əlaqələrin adiləşməsi anlamına gəlmir. İranın xarici siyasəti bundan sonra da elə keçmişdə olduğu kimi olacaq. Və təbii ki, ABŞ-ın da siyasətlərində hansısa dəyişikliyi gözləmək olmaz.
İranın Baş nüvə müzakirəçisi daha sonra deyib: BMT Təhlükəsizlik Şurasının nüvə müzakirələrinin yekun nəticəsi ilə bağlı son qətnaməsi öz növündə misilsiz idi. Əgər siz, Təhlükəsizlik Şurasının qətnamələrinə nəzər salsanız görərsiniz ki, bu ilk dəfədir ki, inkişaf etməkdə olan bir ölkədə uranın zənginləşdirilməsi rəsmən qəbul edilsin.
İraqçı İranın qonşu ölkələr xüsusilə də Türkiyə ilə əlaqələri barədə də deyib: İran və Türkiyə əlaqələri möhkəm, hərtərəfli və uzun keçmişə malik olan əlaqələrdir. Və şübhəsiz sanksiyaların ləğv edilməsindən sonra bu əlaqələr daha da güclənəcək. Doğrudur bəzi regional məsələlərlə bağlı iki ölkənin baxışlarında ciddi ixtilaflar var. Amma, iki ölkə əlaqələri öz axarından çıxmayıb və Vyana anlaşmasından sonra bu əlaqələr daha da güclənəcək.
Türkiyə Azərbaycan kimi İran və Avropa arasında yerləşib və iki ölkə arasında iqtisadi əlaqələr bundan sonra daha da genişlənəcək.
İraqçı əlavə edib: bəzi məsələlərlə bağlı Türkiyə ilə ciddi ixtilaflarımız var və öz mövqeyimizi tam aydın formada Türkiyə rəsmilərinə bəyan etmişik. Amma, makro əlaqələr daha da genişlənəcək.
İranın baş nüvə müzakirəçisi sonda deyib: sanksiyalardan sonrakı dövrdə İran və digər ölkələr arasındakı əlaqələrdə yeni fəslin şahidi olacağıq və Azərbaycan Respublikası İran ilə sıx mədəni, tarixi və siyasi əlaqələrə malik olmasına habelə, Avropa ilə yaxın münasibətlər qurmasına görə, İranın gələcək xarici siyasətində özünəməxsus mövqeyə malik olacaq.