Tehranda İran-İtaliya ticarət iclası keçirilib
-
Tehranda İran-İtaliya ticarət iclası keçirilib
İran-İtaliya ticarət iclası İtaliyanın baş naziri və İranın sənaye, mədən və ticarət nazirinin iştirakı ilə Tehran Ticarət Palatası məkanında keçirilib.
IRNA-nın məlumatına görə, çərşənbə günü keçirilən iclasda İran və İtaliyanın ticari-iqtisadi heyətləri arasında on iki müqavilə və önmüqavilə imzalanıb.
İtaliya o qədər də uzaq olmayan illərdə İranın birinci şəriki kimi tanınırdı və iki ölkənin həmin illərdəki mübadilələr dəyəri ildə yeddi tam onda beş milyard avro kimi rekord bir göstəriciyə çatmışdı ki, bu rəqəm son illərdə sanksiyalar nəticəsində bir tam onda dörd milyard avroyadək azalıbdır.
İtaliyanın baş naziri Matteo Renzi çərşənbə axşamı günü 250 nəfərlik siyasi-iqtisadi bir heyətlə Tehrana daxil olub.
İran və İtaliya çərşənbə axşamı günü İranın prezidenti və İtaliya baş nazirinin hüzurunda beynəlxalq sərgilərin keçirilməsi, avtomobil sənayesinə lazım olan məftil, armatur və kəmər növlərinin istehsalı, hava limanı, neft və qaz, dəmiryolu və sənaye həmkarlıqları, eləcə də mədəniyyət və turizm sahələrinə şamil olan altı əməkdaşlıq sənədi imzalayıblar.