İran və Vyetnam qarşılıqlı əlaqələrin genişləndirilməsini vurğulayıblar
İran və Vyetnam prezidentləri Tehran-Hanoi əməkdaşlıqlarının bütün sahələrdə genişləndirilməsinə təkid ediblər.
İran İslam Respublikası Prezident Aparatının internet portalının verdiyi məlumata görə, İran prezidenti bu gün İran və Vyetnamın yüksək səviyyəli rəsmilərinin Hanoydəki görüşündə etdiyi çıxışında deyib: Asiyanın şərq regionu o sıradan da Vyetnam ilə yaxın əlaqələr yaratmaq İran İslam Respublikasının xarici siyasətinin qarşıya qoyduğu məqsədlərdən biridir.
Ruhani son illər ərzində Tehran-Hanoy münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu xatırladıb və deyib: İran Vyetnam ilə enerji, yeni texnologiyalar, tibb, kənd təsərrüfatı və balıqçılıq sahələrində eləcə də neftayırma zavodu və neft-kimya komplekslərinin inşası sahələrində əməkdaşlıqları gücləndirməyə hazırdır.
Ruhani İran və Vyetnam arasında müştərək komisiyanın 8-ci iclasında imzalanmış memorandumun müddəalarının tezliklə icra edilməsinin vacibliyinə toxunub və deyib: İran müştərək komisiyanın 9-cu iclasını keçirməyə hazırdır.
İran prezidenti həmçinin Tehran və Hanoyun bir çox önəmli beynəlxalq məsələlərdə eyni fikirə malik olduqları və biri-biri ilə əməkdaşlıq etdiklərinə toxunaraq deyib: Təəssüflər olsun ki qərb dövlətləri insan haqları kimi bəzi mövzulardan öz məqsədləri istiqamətində vasitə kimi istifadə edirlər və bu kimi ikili standartlar qarşısında müqavimət göstərmək lazımdır.
İİR prezidenti İran və Vyetnam parlamentləri arasındakı əlaqələri müsbət qiymətləndirərək deyib: İran parlamentlərarası birlik eləcə də Asiya Parlamentləri Assambleyası çərçivəsində müştərək əməkdaşlıqların inkişaf etdirilməsini alqışlayır.
Vyetnam prezidenti Tran Dai Quang da ölkəsinin İranla iki tərəfi maraqlandıran bütün sahələrdə əməkdaşlıqların inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Tran Dai Quang beynəlxalq mövzulara da toxunub, bu sahələrdə fikir birliyinə və qarşılıqlı dəstəyə təkid edib.