İranın BMT TŞ-nin Hələb barədəki qətnaməsinə reaksiyası
İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi BMT Təhlükəsizlik Şurasının Suriyanın Hələb şəhəri barədəki qətnaməsini terrorizmi himayə edən kəşfiyyat ünsürlərinin bu şəhərə daxil olmalarına zəmin yaradan amil adlandırıb.
IRNA-nın məlumatına görə, İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün müxbirlərlə müsahibədə Hələbin terrorçu qrupların işğalından azad edilməsini Suriya ordusu və müqavimət cəbhəsi üçün böyük hərbi nailiyyət adlandırıb və belə deyib: BMT-nin Təhlükəsizlik Şurasının 2328 saylı qətnaməsinin qəbul olunması keçmiş təxribat fəaliyyətlərinin davamında və terrorizmi dəstəkləyən ölkələrin hərbi və kəşfiyyat ünsürlərinin nəzarətçi qüvvələr formasında Hələbə daxil olmaları üçün zəminin yaradılması istiqamətində atılan addımdır.
Şəmxani terrorizmi dəstəkləyən ölkələrin ötən bir neçə ayda Suriya ordusunu məğlubiyyətə çəkmək üzrə cəhdlərinə toxunaraq, əlavə edib: Bu qətnamədə Suriyanın qanuni dövləti üçün heç bir rol nəzərdə tutulmayıb və onda Suriyada terrorçuların mühasirəsində olan əhaliyə yardım məsələsinin ön plana çəkilməsi yerinə, yalnız terrorçuların və silahlı şəxslərin Hələbdən təhlükəsiz çıxmaları tərzi diqqət mərkəzində durubdur.
İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi Qərbin və onun regional müttəfiqlərinin, bəşəriyyətə zidd hərəkətləri və cinayət keçmişləri tamamilə dünya ictimaiyyətinin mühakiməsi və baxışında duran tanınmış terrorçuları, təəccüb doğuran tərzdə himayə etmələrinə işarə edərək, deyib: Qərbin və bəzi region ölkələrinin bu qəbuledilməz rəftarları göstərir ki, terrorizmdən siyasi məqsədlər üçün bəhrələnmə hərəkəti strateji cəhətlərə malik olubdur.
BMT Təhlükəsizlik Şurasının üzvləri bazar ertəsi günü Suriyanın Hələb şəhərində qalacaq mülki şəxslərin taleyi haqda hesabatın hazırlanması və terrorçuların bu şəhərdən boşaldılmalarına nəzarət üçün BMT qüvvələrinin həmin şəhərdə yerləşdirilmələri ilə razılaşıblar.