Tehranın imam cüməsi: İraq və Yəmənin viranəliyində Ərəbistan məsuliyyət daşıyır
Tehranın bu həftəki cümə namazı xətibi İraq və Yəmənin infrastrukturlarının xarabazarlığa çevrilməsi və bu ölkələrin de-stabilliyində Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib.
Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani Tehranın bu həftəki cümə namazı xütbələrində Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İraq və Yəmənin daxili məsələlərində İranın müdaxiləsinə dair iddiasına toxunaraq deyib: Bütün dünya insanları hazırda Ərəbistanın İraq, Yəmən, Bəhreyn və Suriyada baş verənlərə birbaşa dəstəyi və cinayətlərini bilirlər.
Tehranın müvəqqəti imam cüməsi bildirib: Səudiyyə Ərəbistanı və region və regiondan kənar bəzi ölkələr güman edirdilər ki, hərbi hücumla Suriyanın qanuni prezidenti Bəşşar Əsədi kənarlaşdıra biləcəklər. Lakin bu siyasətlərin qan tökmək və viranəlikdən başqa nəticəsi olmadı.
Ayətullah Müvəhhidi Kirmani həmçinin ABŞ-ın yeni prezidenti Donald Trampın iqtidara gəlməsi haqda ona tövsiyə edib ki, Amerikanın öncəki prezidentlərinin yanlış və ikili siyasətlərini davam etdirmək və digər ölkələrin daxili məsələlərinə müdaxilə etmək yerinə, bu ölkə vətəndaşlarının çoxlu problemlərinə diqqət yetirsin.
Tehranın cümə namazı xətibi əlavə edib: Amerikanın yeni prezidenti bilməlidir ki, öz canı, malı və namusunu müdafiə edənlər terrorçu deyillər.
Ayətullah Müvəhhidi Kirmani ABŞ-ın yeni prezidentinə beynəlxalq qanunlara sadiq qalmasını tövsiyə edib.
Ayətullah Müvəhhidi Kirmani həmçinin İslam İnqilabının qələbəsinin ildönümünün gəlib çatmasına toxunaraq bildirib: İranda 1978-ci il inqilabı asanlıqla əldə olunmayıb, çoxlu sayda iranlı gənc bu yolda şəhid olub və işgəncə edilib ki, İslam İnqilabını İran vətəndaşlarına əmanət etsinlər.
Tehranın müvəqqəti imam cüməsi Plasko ticarət binasındakı hadisədə bir qrup yanğınsöndürənin həlak olması və yaralanmasından təəssüflənərək zərərçəkənlərin ailələrinə başsağlığı verib.