"İƏT üzvləri müştərək əlaqələrin gücləndirilməsində ciddidirlər"
"Önəmli regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr müştərək əlaqələrin gücləndirilməsində ciddidirlər. Bu təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial vardır və ondan istifadə etmək lazımdır".
İran Prezident Aparatının informasiya portalının məlumatına görə, bu sözləri İran İslam Respublikası prezidenti Həsən Ruhani Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısından döndükdən sonra deyib.
Sammitdə təşkilata üzv ölkələr arasında müxtəlif sektorlarda ortaqlıqların gücləndirilməsinin vurğulandığını deyən prezident Ruhaninin sözlərinə görə, İƏT dövlət başçılarının 13-cü sammitində magistral, dəmir yol, gəmiçilik, qaz və neft şəbəkəsi üzrə əməkdaşlıqlar və üzv ölkələr arasında ticarət maneələri aradan qaldırmaq vurğulandı.
İran prezidenti həmçinin sammitin kənarında Pakistan baş naziri və Türkiyə prezidenti ilə görüşlərinə də diqqət çəkib: İran, Türkiyə və Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatının banilərindəndir və bu iki ölkə rəsmiləri ilə görüşdə, əməkdaşlıqlar və münasibətlər araşdırıldı.
"Türkiyə prezidenti ilə görüşdə ikitərəfli münasibətlər, o cümlədən bank əlaqələrinin genişlənməsi və əlaqələrin güclənməsində əhəmiyyət kəsb edən ticarət üçün milli valyutadan istifadənin olunmasından əlavə, regionun məsələləri haqda söhbət olundu. Xoşbəxtlikdən hazırda, İran, Türkiyə və Rusiya arasında regional məsələlərin həlli haqda müsbət addımlar atılmışdır" -deyə İran prezidenti bildirib.
İran İslam Respublikası prezidentinin sözlərinə görə, Türkiyə prezidenti ilə görüşdə Suriyanın bugünkü şəraiti və ölkənin gələcəyini xalqın təyin etməli olduğu, terrorizmlə mübarizə, İran, Türkiyə və İraq əməkdaşlıqlarının genişləndirilməsi, eləcə də Yəmən böhranı, bu ölkə problemlərinin yəmənli-yəmənli danışıqlar yolu ilə həll edilməli olduğu araşdırıldı.
Ruhani Pakistan baş naziri ilə görüşdə müsbət danışıqların aparıldığını və iki ölkə arasında ikitərəfli əlaqələr və əməkdaşlıqların formatının araşdırıldığını deyib: Pakistan baş naziri ilə görüşdə ikitərəfli anlaşmalar, xüsusilə də bank əlaqələrinin genişləndirilməsi və iki ölkədə bank filiallarının yaradılması üzrə razılaşmaların icarasının vacibliyi qeyd olundu.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının 13-cü sammitində iştirak etmək üçün Pakistan paytaxtı İslamabada səfər etmişdi.
İƏT-ə üzv ölkələrin dövlət başçılarının 13-cü zirvə toplantısı çərşənbə günü yekun bəyanatla öz işinə xitam verib.
İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 10 ölkədir.