"Kərrar"; İranın ilk yerli tankı
İran İslam Respublikasının müdafiə naziri İranın ilk yerli tankı "Kərrar"ın təqdimatı mərasimində iştirakı edib.
İranın Müdafiə Nazirliyinin Baş Təbliğat İdarəsindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Hüseyn Dehqan bazar günü "Kərrar"ın təqdimat mərasimində deyib: Zirehli texnikanın müasirləşdirilməsi İran Müdafiə Nazirliyinin əsas strategiyalarından biridir. Və bu tank İranın iqtidar simvoludur.
General Dehqan əlavə edib: Yerli istehsal olan "Kərrar" modern bir tankdır və bir çox imkanlara malikdir. Bu tank İranın müdafiə sənayesindəki sənətkarların yüksək zəkasının məhsulu olaraq müqavimət iqtisadiyyatının bariz nümunəsi sayılır və İrana qarşı sanksiyaların zərərsizləşdirilməsi istiqamətində önəmli addım hesab olunur.
İranın müdafiə naziri həmçinin deyib: "Kərrar" tankı güclü və dəqiq atəş açması, çevik manevr qabiliyyətinə malik olması və döyüş səhnəsindəki varlığını uzun müddət qorumaq bacarığı ilə dünyanın ən modern tankları cərgəsində yer alır.
General Dehqan elektro-optik atəşaçma sisteminə, məsafənin dəqiq hesablanması üzrə lazer sisteminə, ballistik raket sisteminə, sabit və ya hərəkətdə olan hədəflərin gündüz və gecə şəraitində hədəfə alınması sisteminə malik olmasını "Kərrar"ın əsas xüsusiyyətlərindən adlandırıb.