Şəmxani: Terrorizm təhlükəli bir virus kimi sərhədləri aşıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Terrorizm təhlükəli bir virus kimi sərhədləri aşıb. Buna görə də, onunla mübarizə aparmaq üçün kollektiv, ahəngdar və ikili standartlardan kənar baxışa malik olmaq lazımdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani cümə axşamı Tehranda Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev ilə görüşdə deyib: Avropa ölkələri öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bəzi region ölkələri tərəfindən maliyyələşdirilən və silahlandırılan terrorçulara silah və əlavə qüvvənin göndərilməsinə mane olmalıdırlar.
Şəmxani Suriya, İran, Rusiya və Müqavimət Cərəyanı arasında terrorizm ilə mübarizə sahəsində təsirli əməkdaşlığın olduğuna işarə edərək, deyib: İran daim Suriya böhranının siyasi yolla həll edilməsinə sadiq olub.
Şəmxani ABŞ-ın Suriyaya olan son raket hücumunu da tənqid edərək, Suriyadakı terrorçulara kimyəvi silahların hansı yolla göndərilməsinə aydınlıq gətirmək üçün müstəqil və bitərəf beynəlxalq faktaraşdırıcı qrupun təşkil edilməsini zəruri adlandırıb və deyib: ABŞ-ın Suriyaya olan qanunsuz raket hücumuna göz yummaq olmaz və Vaşinqton buna görə cavabdeh olmalıdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: ABŞ-ın əsassız bəhanələr ilə Suriyaya hərbi müdaxilə etməsi İraq və Əfqanıstandakı uğursuz və yanlış təcrübələrin yenidən təkrarlanmasıdır və bu addımın heç şübhəsiz ABŞ üçün növbəti məğlubiyyətdən başqa heç bir nəticəsi olmayacaq.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev də bu görüşdə Suriyada sülhün bərqərar edilməsi prosesində İranın təsirli və konstruktiv roluna işarə edərək, deyib: Moskva terrorçulara və siyasi həll yoluna inanmayanlara qarşı mübarizənin davam etdirilməsində sədaqətlidir və İŞİD, Ənnüsrə Cəbhəsi və digər terrorçu qruplar ilə mübarizəni amansız formada davam etdirəcək.
Rusiya prezidentinin xüsusi nümayəndəsi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb, danışıqlar aparmaq üçün cümə axşamı Tehrana daxil olub.