Seçki bülleteni
İranda cümə günü keçiriləcək 12-ci prezident, eləcə də 5-ci şəhər və kənd şuraları seçkilərinə az bir zaman qalır.
Seçki təbliğatlarının rəsmi şəkildə başlanması ilə bir aya yaxındır ki, ölkədə xas bir əhval-ruhiyyə mövcuddur və seçkilərdən 24 saat öncə təbliğatların qadağan olmasına görə, bu gün səhər tezdən ölkədə tam sükut hökm sürür.
12-ci prezident, eləcə də 5-ci şəhər və kənd şuraları seçkilərinə namizədlər dünən sonuncu təbliğat günündə seçicilərin diqqətini özlərinə cəlb etmək və seçkilərdə qalib gələ bilmək üçün əllərindən gələni etdilər.
Təbliğatların başlandığı andan mübarizə aparan prezident seçkilərinə altı namizəddən təbliğat fürsətinin sonunadək təkcə iki nəfər bu seçkilərin rəqibləri kimi qaldı. Onlar İran ictimaiyyətindəki iki təfəkkür spektrinin nümayəndələri olan Həsən Ruhani və İbrahim Rəisidir.
Səhnədə qalmış dörd namizəddən olan Mustafa Haşemi-Təba və Mustafa Ağa Mirsəlim də sonuncu günün son saatlarında digər namizədlərə dəstək olaraq, meydanı cənablar Ruhani və Rəisiyə verdilər.
Qeyd edək ki, İranda prezident seçkilərinə namizəd Həsən Ruhani dünən Ərdəbil və Məşhəd şəhərlərinə səfər edərək, öz himayədarları qarşısında deyib ki, bu gün böyük İran xalqının taleyinin təyin edilməsi günüdür. O, vurğulayıb: Ölkənin ixtiyarı İran xalqındadır və bütün məsul şəxslər İran xalqının xidmətçiləri olmalıdırlar. Ruhani həmçinin bildiribdir ki, İranın xalqı və gəncləri ölkənin tərəqqisini istəyirlər. O, bütün İran xalqından istəyibdir ki, nizam-intizam və sakitliklə seçki məntəqələrində iştirak etsin.
12-ci prezident seçkilərinə digər namizəd İbrahim Rəisi də dünən gündüz və gecə Məşhəd və Bocnurd şəhərlərinə gedərək, öz himayədarları qarşısında belə deyib: Bu qənaətdəyik ki, ciddi əzmkarlığa ehtiyaclıyıq və milyonluq məşğulluq yaradılmalı və ölkənin imkanları bərpa edilməlidir.
İranda prezident seçkilərinə namizəd Mustafa Ağa Mirsəlim dünən İranın 2-ci telekanalının eksklüziv xəbər dialoqunda belə dedi: Şəffaflığın yaradılması xalqın və quruluşun etimadına səbəb olur, amma etimadın azalması həmkarlıq və iştirakın olmamasına gətirib çıxarır və iştirak və ümumi nəzarətin olmaması da korrupsiyanın genişlənməsinə bais olur.
İranda prezident seçkilərinə namizəd Mustafa Haşemi-Təba isə IRIB ilə müsahibədə belə dedi: Prezident seçkilərinin qalibi və məğlubu qanuna tabe olmalıdır.
O, bütün İran xalqından istəyibdir ki, cümə günü keçiriləcək seçkilərdə iştirak etsin.
Dünən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İran xalqının müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə seçkilərdə geniş iştiraka təkid edərək, buyurdular: Sizin iştirak etdiyiniz bu seçkilərin hər biri bir qəhrəmanlıqdır, böyük bir xalq hərəkətidir ki, dünya xalqlarının gözləri önündə qərar tapır; bu, xalqın izzətini yüksəldir, milli qüdrəti artırır.
O həzrət dünyada hamının gözünün İran xalqının bu seçkilərinə dikildiyini bildirərək, buyurdular: İran İslam Respublikası müəyyən dövrlər və illərdə seçkiləri təzələməklə doğrudan da yeni təravət əldə etmiş olur; özünü dünya xalqlarının ürəkləri və gözlərində yeni və qabarıq formada əks etdirir və göstərir ki, seçkilər günü İran İslam Respublikası quruluşu üçün bir şənlik, şadlıq və şövq günüdür.
Bu şadlıq və şövqün yaradıcısı olan xalq da hansı kəsin əksəriyyət səs qazanacağından asılı olmayaraq, vurğulayır ki, öz taleyinin təyini və düşmənlərlə mübarizə üçün səs vərəqələri ilə seçki məntəqələrinə gedəcək və İranın izzəti və başıucalığının qoruyucusu olacaqdır.
Hərçənd aparılmış rəy sorğuları seçkilərdə 75%-də yuxarı iştirakdan xəbər verir, amma İran xalqı müxtəlif dövrlərdə göstəribdir ki, sürpriz gətirən olub və vardır. Sabahkı seçkilərdə İranın 80 milyonluq əhalisindən 55 milyon qadın və kişi səsvermə şəraitinə malikdir.
İran İslam Respublikasının Əsas Qanununda müxtəlif dinlər, dil və irq qövmlərindən asılı olmayaraq, təkcə şəxsiyyət vəsiqəsinə və iranlı milli koduna malik olmaqla və 18 yaşa çatmaq nəzərdə tutulmaqla hər bir iranlı azad təfəkkür atmosferində özünün nəzərdə tutduğu, səlahiyyətləri təsdiq olunmuş namizədinə səs verə bilər.