İŞİD Tehran terror aktlarının məsuliyyətini üzərinə götürüb
İŞİD terror qruplaşması bu gün Tehranda törədilən terror aktlarının məsuliyyətini üzərinə götürüb.
Silahlı şəxslər bu gün səhər qadın geyimində İran parlament binasına girdikdən sonra parlamentin mühafizə qüvvələri ilə toqquşub və onlara doğru atəş açıblar. Nəticədə bir neçə nəfər şəhid olub və yaralanıb.
4 silahlı terrorçu da Tehranın cənubunda Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsinə girərək atəş açmağa başlayıblar. Nəticədə bir nəfər şəhid olub və dörd nəfər də yaralanıb.
Qarşıdurma nəticəsində terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Yaraqlılardan biri hüquq-mühafizə qüvvələri tərəfindən öldürülb və yaralanan digər yaraqlı qadın həbs olunub.
İranın Təhlükəsizlik Nazirliyinin anti-terrorizm idarəsinin baş direktoru deyib: Bu gün səhər Tehran şəhərində bir neçə terror dəstəsi terror aktı törətmək istəyib. Bir dəstənin üzvləri heç bir əməliyyat keçirə bilmədən həbs olunublar.
Tehran valisi Hüseyn Haşimi də jurnalistlərlə müsahibədə İmam Xomeyni (rə) məqbərəsi və İran parlamentindəki terror aktlarına toxunaraq deyib: Hər iki məkanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətindədir.