Tehran terror aktı qurbanlarının yekun sayı; 13 şəhid 43 yaralı
İranın daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Hüseyn Zülfüqari çərşənbə günü Tehranda törədilən terror aktlarında ölən və yaralananların yekun sayını elan edərək, 13 nəfərin şəhid olduğu, 43 nəfərin isə yaralandığını bildirib.
Çərşənbə günü səhər 4 silahlı terrorçu qadın paltarında İran İslam Şurası Məclisinin inzibati binasına daxil olmağa çalışıb. Bu zaman mühafizə qüvvələri ilə terrorçular arasında çıxan silahlı toqquşma zamanı terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Digər 3 terrorçu isə kor-koranə şəkildə ətrafa atəş açaraq, parlament binasının yuxarı mərtəbələrinda çaxnaşmaya səbəb olmaq istəsələr də, təhlükəsizlik qüvvələri tərəfindən vurularaq, zərərsizləşdiriliblər.
Eyni zamanda 2 silahlı terrorçu Tehranın cənubunda İmam Xomeyni(r.ə)-in məqbərəsinə daxil olaraq, atəş açmağa başlayıb. Bu terrorçulardan biri də üzərindəki partlayıcı qurğunu işə salaraq, partlayış törədib. Ətrafa atəş açmaqla məşğul olan ikinci terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən vurularaq, zərərsizləşdirilib.
İŞİD terror qruplaşması bu iki terror aktının məsuliyyətini üzərinə götürüb.
İŞİD terror qruplaşması ötən illər ərzində ABŞ və onun qərbli və ərəb müttəfiqlərinin hərbi, siyasi və maliyyə yardımları hesabına region ölkələrində xüsusi ilə də İraq və Suriyada bir çox cinayətlər törədib.