İraqçı: İran Amerikanın sanksiyalarına münasib cavab verəcək
Nüvə anlaşmasının icrasının izlənilməsi qərargahının iranlı həmsədri Amerikanın İrana qarşı sanksiyalarını nüvə anlaşmasının pozulması kimi qiymətləndirib və bildirib ki, İran İslam Respublikası ABŞ-ın ədavətli hərəkətlərinə münasib cavab verəcəkdir.
Seyid Abbas İraqçı dünən gecə İranın birinci telekanalı ilə söhbətdə bildirib ki, Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etməklə İranın nüvə anlaşmasından olan mənfəətlərini minimuma endirməyə çalışır. O, qeyd edib ki, Vaşinqton İran İslam Respublikasının daha da güclənməsindən qorxur.
İran xarici işlər nazirinin müavini nüvə anlaşmasının neft sanksiyaları daxil olmaqla İran İslam Respublikasına qarşı ağır sanksiyaların qaytarılması sahəsində amerikalıların yolunda bir maneə olduğunu deyib. Bildirib ki, Ağ Ev yeni sanksiyalar tətbiq etməklə nüvə anlaşmasının uğurlu icrasını təsir altına almaq istəyir.
İraqçı söyləyib: Amerika ümid edir ki, iranlı şəxsiyyətlər və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq etməklə İran İslam Respublikasını nüvə anlaşmasından çıxmağa yönləndirəcək, lakin Vaşinqton bilməlidir ki, İran Amerika dövlətinin və Trampın siyasətlərinə ilişib qalmayacaqdır.
"İran İslam Respublikası Amerikanın hegemonçuluq siyasətləri qarşısında durmaqda davam edəcək" deyən İraqçı belə qeyd edib: Donald Tramp tərəfindən İrana qarşı sanksiyaların imzalanması ilə İran İslam Şurası Məclisi də bu sahədə işləyib hazırladığı qətnamə layihəsini yekunlaşdırmağa başlayacaqdır.
Regionda Amerikanın terrorçuluq və avantürist hərəkətlərilə mübarizə layihəsi İran İslam Şurası Məclisinin iyulun 18-də keçirilən iclasında səs çoxluğu ilə qəbul olundu.
ABŞ konqresi keçən həftə İran İslam Respublikasına qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi. Bu qərar dünən Amerika prezidenti Donald Tramp tərəfindən imzalanaraq, qanuna çevrildi və icraya qoyuldu.
Vaşinqtonun Tehrana qarşı ədavətli hərəkətləri elə bir halda edilir ki, MAQATE, BMT və Təhlükəsizlik Şurasının etiraflarına görə, İran nüvə anlaşması qarşısındakı bütün öhdəliklərinə daim əməl edibdir.