İran prezidenti Soçidə
İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında iştirak məqsədilə Rusiyaya səfər edən İran prezidenti Həsən Ruhani Soçi şəhərinə daxil olub.
Həsən Ruhani bu gün səhər Tehranı Soçi istiqamətində tərk etməzdən öncə jurnalistlər qarşısında deyib: Suriyanın gələcəyi bu ölkə xalqının öz əlində olacaq. İraq və Suriyada terrorizmin dayaqları dağılıb və İranın regionda terrorizmə qarşı mübarizəsi terrorçuların kökü kəsilənə kimi davam edəcək.
İran prezidenti həmçinin, İran, Rusiya və Türkiyənin Suriya böhranının həlli istiqamətində Qazaxıstanın paytaxtı Astana şəhərində aparılan müzakirələrin uğur əldə etməsində qətiyyətli olduqlarını deyərək, əlavə edib: Bu nailiyyətlərin davamında bu gün də Rusiyanın Soçi şəhərində İran, Rusiya və Türkiyə prezidentləri səviyyəsində yüksək səviyyəli bir iclas keçiriləcək.
İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli Soçi iclasının əsas məqsədi Suriya böhranı ilə bağlı Astana müzakirələrinin nəticələrini araşdırmaq və Suriyada siyasi proseslərin başlanmasına zəmin yaratmaqdır.
İran prezidentinin Soçidə Rusiya və Türkiyə prezidentləri ilə ikitərəfli görüşləri də olacaq.