Fev 08, 2018 09:37 Asia/Baku
  • Ruhani: Türkiyə ilə əlaqələrin genişləndirilməsi İranın regional siyasətində mühüm prinsipdir

İran İslam Respublikası prezidenti qonşu ölkələr xüsusilə Türkiyə ilə dostluq əlaqələrinin genişləndirilməsini Tehranın xarici və regional siyasətində mühüm prinsip adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü axşam Tehranda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə iki ölkənin ticarət və iqtisadi əlaqələrində 30 milyard dollarlıq hədəfə nail olmaq istiqamətində səylərin artırılmasını bir zərurət adlandırıb və deyib: Tehran və Ankara arasında bank əməkdaşlıqlarının genişləndirilməsi, ticarət əlaqələrində milli valyutadan istifadə və ikitərəfli anlaşmaların icrasının sürətləndirilməsi Tehran-Ankara iqtisadi əlaqələrinin daha da aktivləşməsinə kömək edə bilər. 

Ruhani daha sonra üçtərəfli Soçi iclasını regional böhranların həlli üzrə mühüm addım adlandırıb və deyib: Xoştəbxtlikdən bu gün İran, Türkiyə və Rusiya arasında çox önəmli və təsirli regional münasibətlər formalaşıb. Və hazırda Suriya böhranının həlli istiqamətində əməkdaşlıqların və məsləhətləşmələrin davam etdirilməsinə ehtiyac var. 

İran İslam Respublikası prezidenti Türkiyə xarici işlər naziri ilə görüşdə daha sonra deyib: Ölkələrin müstəqilliyinin qorunması və coğrafi sərhədlərin dəyişilməzliyi regionda sabitliyin genişlənməsinə səbəb olacaq. Buna üçün isə regionda heç bir ölkə qonşu ölkələr tərəfindən təhdid və təhlükə hiss etməməlidir. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşdə İran və Türkiyə münasibətlərini müsbət dəyərləndirib. Çavuşoğlu iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, bank əməkdaşlıqlarının sadələşdirilməsi üzrə səylərin zərurətinə də təkid edib və deyib: Bu gün əməkdaşlıqlar və məsləhətləşmələrin artırılması yolu ilə inkişaf  yolunda iri addımlar atılmalı, Tehran-Ankara əlaqələri daha artıq möhkəmləndirilməlidir. 

Mövlud Çavuşoğlu İran və Türkiyənin regional və beynəlxalq məsələlər barədə əməkdaşlıqlarını genişləndirmələrini də vacib məqam adlandırıb və deyib: ABŞ-ın regiondakı yeni fitnəkarlığının əsas məqsədi İran və Türkiyə arasındakı inkişaf etməkdə olan dostluq münasibətlərini təsir altına almaqdır. 

Türkiyənin xarici işlər naziri daha sonra "Zeytun Budağı" əməliyyatına işarə edib və deyib: Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları sadəcə terrorçulara qarşı yönəlib və Ankaranın Suriya ərazisində gözü yoxdur. 

Teqlər