Fev 21, 2018 17:33 Asia/Baku
  • Ruhani: Nüvə anlaşmasının davamlılığı və icrası Avropa Birliyinin İran ilə əlaqələrinin inkişafını asanlaşdırır

İran İslam Respublikası prezidenti Həsən Ruhani nüvə anlaşmasının davamlılığı və icrasını Avropa Birliyinin İran ilə əlaqələrinin inkişafını asanlaşdıran amil adlandırıb və deyib: Nüvə anlaşmasının bütün tərəfləri öz öhdəliklərinə sadiq qalmalı və ona əməl etməlidirlər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda İspaniyanın xarici işlər naziri Alfonso Dastis ilə görüşdə nüvə anlaşmasının imzalanması və icraya qoyulmasından sonra yenidən barəsində müzakirə aparmağa hansısa əsasın olmadığını deyərək, əlavə edib: İran qarşı tərəfin nüvə anlaşmasına sdiq qaldığı zamana kimi ona əməl edəcək. 

Ruhani regional təhlükəsizlik, Yəməndə insanların qırğın edilməsinə son qoyulması və terrorizm ilə mübarizəni mühüm məsələlərdən adlandırıb, İran və Avropa Birliyinin bu məsələlərdə yaxşı əməkdaşlıq edə biləcəklərini deyib. 

Ruhani həmçinin deyib: Hamı Yəməndəki acınacaqlı durumun ən qısa zamanda sonlandırılmasına kömək etməlidir və bu ölkə sərhədləri humanitar yardımların üzünə açılmalıdır. 

Alfonso Dastis də bu görüşdə İranı regionun güclü və təsirli ölkəsi adlandırıb və Avropa Birliyinin nüvə anlaşmasını dəstəklədiyini vurğulayaraq, deyib: İran ilə əlaqələrin genişləndirilməsi İspaniya və Avropa Birliyinə üzv digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir və nüvə anlaşmasının davamlı olması ilə əlaqələri daha da möhkəmləndirmək mümkün olacaq. 

Dastis regionun təsirli ölkələrinin Yəməndəki humanitar böhrana son qoymaq üçün müdaxilə etmələrini də zəruri adlandırıb və deyib: Bütün ölkələr regionda sülh, sabitlik və təhlükəsizliyin bərqrəarında rol oynamalı və silahlanma rəqabətindən çəkinməlidirlər. 

Ruhani və Dastis həmçinin, İran və İspaniya arasındakı əməkdaşlıq imkanlarına işarə edərək, əlaqələrin bütün sahələrdə sürətlə genişləndirilməsinə təkid ediblər. 

Teqlər