Ruhani: İran və Azərbaycanın inkişafı və təhlükəsizliyi bir-birinə bağlıdır
İran İslam Respublikası prezidenti Tehranın Azərbaycanın inkişafı və təhlükəsizliyini öz inkişafı və təhlükəsizliyi hesab etdiyini deyərək, əlavə edib: İran, Azərbaycanın təhlükəsiz olduğu zaman təhlükəsizliyə malikdir.
Həsən Ruhani cümə axşamı Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunda Azərbaycana olan səfərinin Novruz bayramı günlərinə və İmam Əli(ə)-ın mövlud günü ərəfəsinə təsadüf etməsini son dərəcə müsbət hal adlandırıb və deyib: İran və Azərbaycan xalqlarının İmam Əliyə(ə) olan məhəbbəti və Novruzla bağlı baxışları iki ölkə xalqının dini, tarixi, mədəni və adət-ənənə baxımından dərin ortaqlıqlara malik olmasının nişanəsidir.
Ruhani İran və Azərbaycan xalqları arasındakı bağlılıq və qardaşlıq münasibətlərini hər iki ölkə xalqı və region üçün faydalı olan dostluq münasibətləri və əməkdaşlıqların əsas dayağı və bazası adlandırıb və deyib: Bu səfər zamanı tarixi və strateji qərarlar qəbul edildi. Bu qərarlar region və dünyanın xeyrinə olacaq.
İran prezidenti həmçinin, Xəzər dənizini dostluq və əməkdaşlıq dənizi adlandırıb və deyib: İran və Azərbaycanın birgə əməkdaşlığı ilə bu su hövzəsinə Allah tərəfindən bəxş edilmiş nemətlərdən hər iki ölkə xalqının maraqları istiqamətində daha artıq faydalanmaq olar.
Həsən Ruhani həmçinin, İran və Azərbaycan arasındakı bank əlaqələrinin hələ də münasib və qənaətbəxş səviyyədə olmadığını deyərək, bu məsələnin həllinə xüsusi diqqətin ayrılmasından xəbər verib.
Azərbaycan prezidenti İlham Əliyev də Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunda etdiyi çıxışında iki ölkə əlaqələrinin çox yaxşı səviyyədə olduğunu deyərək, əlavə edib: Siyasi əlaqələr ilə yanaşı iqtisadi əməkdaşlıqlar və ticarət əlaqələrinin də daha artıq inkişaf etdirilməsinə səy göstərilməlidir.
İlham Əliyev həmçinin, İran və Azərbaycanın ikitərəfli habelə, İran, Azərbaycan, Rusiya və İran, Azərbaycan, Türkiyə formatlarında üçtərəfli və bir neçə tərəfli əməkdaşlıqlara malik olduğunu deyərək, nəqliyyat, tranzit, enerji, təhlükəsizlik və siyasi məsələlər kimi mövzuların bu əməkdaşlıqların əsası olacağını bildirib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Bakıda keçirilən İran-Azərbaycan Biznes Forumunun ardınca Tehrana qayıdıb.