İranın səhiyyə naziri Qəzzə zolağında insan faciəsinə dair xəbərdarlıq edib
İran İslam Respublikası səhiyyə, müalicə və tibbi təhsil naziri Ümumdünya Səhiyyə Təşkilatının sədrinə ünvanladığı məktubda Qəzzə zolağında insan faciəsinin baş verəcəyinə dair xəbərdarlıq edib.
İRNA-nın verdiyi məlumata görə, İranın səhiyyə naziri Seyid Həsən Qazizadə Haşimi bu gün ünvanladığı məktubda Fələstinin müdafiəsiz məzlum xalqına qarşı rəhmsiz qırğınları pisləyərək bildirib: Fələstin xalqı ABŞ səfirliyinin qeyri-qanuni olaraq Beytül-Müqəddəsə köçürülməsinə etiraz etdi və təəssüflər olsun ki, bu etirazlar uşaqlar da daxil günahsız aksiyaçıların qırğın edilməsi və Qəzzədə insan faciəsinin başlanması ilə nəticələndi.
İranın səhiyyə naziri beynəlxalq təşkilatların bu qırğına mane olmaqda öhdəlikli olduqlarını xatırladaraq bildirib: Beynəlxalq ictimaiyyətin susqunluğu qəbulolunası deyil və bu cinayətin sadəcə pislənilməsi ilə kifayətlənilməməlidir.