Qasemi: Nüvə anlaşması qüvvədə qalmaqda davam edir
-
Qasemi: Nüvə anlaşması qüvvədə qalmaqda davam edir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın nüvə anlaşmasından çıxmasına rəğmən, bu beynəlxalq anlaşma qüvvədə qalmaqda davam edir. O, bildirib ki, əməkdaşlıqlar tərzi barədə müzakirələr davam etməkdədir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici müxbirlərlə brifinqdə nüvə anlaşmasının böhranlı durumda olmasına dair bəzi fikirlərlə bağlı vurğulayıb ki, bu anlaşma öz sabit şəraitində durur.
Qasemi əlavə edib: Amerika prezidenti Donald Tramp nüvə anlaşmasından çıxmaqla Amerika dövlətinin bu beynəlxalq anlaşma çərçivəsindəki öhdəliklərinin yükünü qəbul edə bilmədi və əhdi pozmağa məcbur oldu.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya və Ərəbistanın OPEK-in son iclasında neft istehsalı səviyyəsinin artırılması üzrə məsləhətləşmələri, eləcə də İran Xarici İşlər Nazirliyinin iqtisadi müavinliyinin rus rəsmilərlə danışığı barədə belə deyib: Hərçənd OPEK və neft ilə bağlı hallar neft nazirliyinə aiddir və bu nazirlik həmişə bu sahədəki məsuliyyətlərini yaxşı yerinə yetirib, lakin Xarici İşlər Nazirliyi lazım gələrsə, OPEK-in neft istehsalının artırılması barədə Rusiya ilə fikir mübadiləsi aparacaq.
Qasemi Yəməndə böhranın davam etməsi barədə də bildirib ki, İran İslam Respublikası daim Ərəbistanın həmin ölkəyə qarşı təcavüzünü pisləyibdir. O, əlavə edib: Yəmən insani bir böhrana daxil olub. Beynəlxalq təşkilatlar və Avropa ölkələri bu böhranın dayandırılması üçün tez bir zamanda münasib addım atmalıdırlar.