İran 2231 saylı qətnamənin pozulmasını qəbul etməyəcək
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, Tehran BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamənin pozulmasını heç bir vəchlə qəbul etməyəcək. Bildirib ki, bu qətnamə çərçivəsində tezliklə silah sanksiyalarından çıxmaq İranın qanuni haqqıdır.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın İrana qarşı silah sanksiyalarını uzatmağa çalışmasına toxunub. Bildirib ki, İrana qarşı silah sanksiyalarının qaldırılması nüvə anlaşmasının ayrılmaz hissəsidir.
Ruhani vurğulayıb: Əgər silah sanksiyaları hər bir adda/ hər hansı ifadə və mexanizmlə geri dönmək istəyərsə, 4+1 ölkələri bilirlər ki, bu, onlar üçün hansı ağır nəticələrə gətirib çıxaracaqdır.
«Əgər İran bir silah düzəldər və ya satın alarsa, bu silah xalqları müdafiə etmək üçün olacaqdır» deyən İran İslam Respublikasının prezidenti bildirib ki, İranın silahı savaş odunu söndürən bir sudur və bir müharibənin baş verməsinə yol verməyəcəkdir.
Ruhani həmçinin ABŞ-ın nüvə anlaşmasından çıxmasının ildönümünə işarə edib. Bildirib ki, Amerika 2018-ci il mayın 8-də öz daxili ekstremistlərinin, eləcə də sionist rejimin və Ərəbistanın təzyiqləri altında, həmçinin Amerika prezidenti Donald Trampın bu ölkənin öncəki prezidenti Barak Obama ilə olan prinsipinə görə, son dərəcə ağılsız bir iş gördü və birtərəfli şəkildə nüvə anlaşmasından çıxdı.
İran İslam Respublikasının prezidenti bildirib ki, amerikalılar bir-iki ay bundan qabaq qəflət yuxusundan ayılıb və başa düşüblər ki, necə böyük bir səhvə yol veriblər. Ruhani deyib: Nüvə anlaşmasında Amerikaya nə irəliyə yol var, nə də geriyə.
Ruhani vurğulayıb ki, daha amerikalılar üçün nüvə anlaşması adında bir şey mövcud deyildir. O, söyləyib: Bunun təkcə bir yolu var. O da budur ki, amerikalılar bir daha ərizə versinlər, bütün üzvlər qəbul etsinlər, bütün xətaların əvəzini çıxsınlar və bütün sanksiyaları kənara qoysunlar ki, onun da özünəməxsus bir şəraiti var.
İİR 2231 SAYLI QƏTNAMƏNİN POZULMASINI QƏBUL ETMƏYƏCƏK