Bölgədə İran mehvərliyi ilə nəqliyyat sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan, Rusiya, Ukrayna, Hindistan, İranın iştirakı ilə iyulun 28-də beştərəfli zirvə görüşü keçiriləcək.
SəhərAzəri xəbər verir, bu barədə İran dəmir yolları şirkətinin sərəncamçı müdiri Səid Rəsuli Hindistanın İrandakı səfiri Qaddam Dermendra ilə görüşdə bildirib.
Onun sözlərinə görə, zirvə görüşündə beş ölkə arasında nəqliyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin yolları araşdırılacaq.
Görüşdə, həmçinin İran-Hindistan əlaqələrinin uzun tarixə malik olduğu, iki ölkə arasında bölgədə tranzit əlaqələrin inkişafı ilə bağlı danışıqların çox qənaətbəxş olduğu vurğulanıb.
İran dəmir yolları Şirkətinin sərəncamçı müdiri qeyd edib ki, hazırda Xəzər dənizinin şərqini və qərbini birləşdirən beynəlxalq dəhlizdə, həmçinin şimal-cənub dəhlizində əməkdaşlıq üçün yaxşı vəziyyət mövcuddur: “Bu isə bölgədəki bu dəmir yolu marşrutlarından istifadə etməklə malların daşınma qiymətini azaltmaq üçün yaxşı bir fürsət və üstünlükdür”.
Xatırladaq ki, Azərbaycan, Rusiya, Hindistan, İran, Ukrayna "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir. Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib.