Dek 09, 2020 19:05 Asia/Baku
  • Zərif və Bayramov regional və beynəlxalq məsələlər barədə məşvərət ediblər

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri regional və beynəlxalq məsələlər barədə məşvərət ediblər.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bu gün Tehranda Ceyhun Bayramovla görüşdə Qarabağda atəşkəs və Azərbaycan Respublikası ərazilərinin işğalının aradan qaldırılması istiqamətində baş verən irəliləyişləri rəğbətlə qarşılayıb.

Zərif həmçinin İran İslam Respublikasının Qafqaz bölgəsi qarşısında dinc yanaşı yaşamaya söykənən prinsipial siyasətlərini şərh edərək, siyasi həll yolu və dialoq vasitəsilə böhranın birdəfəlik olaraq həll edilməsinə təkid edib.

Azərbaycan Respublikasının xarici işlər naziri də iranlı alim Mohsen Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı verib, bu terror hərəkətini pisləyərək, İran İslam Respublikasının Qarabağ böhranı qarşısındakı prinsipial mövqeləri, həmçinin Tehranın Azərbaycan Respublikası ərazilərinin işğalının aradan qaldırılmasına dəstək verməsinə görə təşəkkür edib. O, İranın Qarabağ böhranı qarşısındakı siyasətini müvazinətli siyasət adlandırıb.

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin iki ölkənin birgə iqtisadi komissiyasının iclasının keçirilməsi, şimal-cənub və şərq-qərb koridorları, Rəşt-Astara dəmiryolu və Xudafərin su bəndinin istifadəyə verilməsi, icra edilməkdə olan layihələr, təhlükəsizlik və sərhəd əməkdaşlıqları, Azərbaycan Respublikasının azad edilmiş bölgələrinin bərpası layihələri, iki ölkənin Xəzər dənizində və beynəlxalq təşkilatlardakı həmkarlıqları, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikasının xarici işlər naziri İranın prezidenti Həsən Ruhani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşübdür.

Teqlər