İranın mülahizə və nigarançılıqları agentliyin nəzərinə çatdırılıb
İranın beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bildirib ki, Tehranın məxfilik prinsipi ilə bağlı mülahizə və nigarançılıqları rəsmən bir məktub formasında agentliyin nəzərinə çatdırılıb.
SəhərAzəri xəbər verir ki, Kazem Qaribabadi jurnalistlərə verdiyi müsahibədə, MAQATE-nin daxili qaydaları ilə bağlı mövzularda məxfi məlumatların qorunmasının çoxdandır əsas məsələ kimi irəli sürüldüyünü bildirib.
O, deyib: Belə olan halda, normativ qaydalara rəğmən, ötən 20 ildə agentliyin məxfi informasiyalarına qanunsuz əlçatanlıq və ya sızma agentlik ilə İran İslam Respublikası arasındakı əlaqələrdə əsas problem olubdur.
Kazem Qaribabadi vurğulayıb: Keçən 20 il ərzində məxfilik öhdəliklərinin münasib şəkildə icra olunmaması barədə İranın nigarançılıqları dəfələrlə xatırladılıb, lakin hələ münasib şəkildə bu işə baxılmayıbdır. İnformasiyaların medialara sızması ümumiyyətlə ölkələr tərəfindən həyata keçirilir, lakin şübhəsiz, agentlik gizli məlumatların qorunmasında məsuliyyət daşıyır və nigarançılıqları aradan qaldırmaq üçün lazımi siyasət, layihə və gedişatları tətbiq etməli və ya mövcud durumu yenidən nəzərdən keçirməlidir.