İranda zəlzələdə xəsarət alanların sayı 60 nəfəri ötüb
Fev 18, 2021 22:42 Asia/Baku
Ötən gün İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 61 nəfərə çatıb
SəhərAzəri xəbər verir ki, bunu Kohgiluyə və Boyer-Əhməd vilayətinin Qırmızı Aypara Cəmiyyətinin direktoru Əmanullah Cəhanbaniyan deyib.
Onun sözlərinə görə, xəsarət alanlardan 34 nəfər ambulator müalicə olunub, 27-si Yasuc xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, ötən gecə saat 22: 05-də Kohgiluyeh və Boyer-Əhmədin Sisəxt şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Kohgiluyə və Boyer-Əhməd vilayətlərinin yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.
Hazırda zəlzələdən ziyan görən ailələrin isti yeməklə təmin olunması və onların çadırlarda yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.