İran xalqı seçki məntəqələrinə axışır
https://azeri.sahartv.ir/news/İran-i378144-İran_xalqı_seçki_məntəqələrinə_axışır
Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri eləcə də Şəhər və Kənd Bələdiyyələrinin İslami Şuraları üzrə 6-cı seçkilər keçirilir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 18, 2021 09:14 Asia/Baku
  • İran xalqı seçki məntəqələrinə axışır

Bu gün İran İslam Respublikasında 13-cü prezident seçkiləri eləcə də Şəhər və Kənd Bələdiyyələrinin İslami Şuraları üzrə 6-cı seçkilər keçirilir.

SəhərAzəri-nin məlumatına görə, 18 iyun prezident seçkilərində 4 namizəd iştirak edir. Prezidentlik uğrunda rəqabət Möhsün Rzayi Mirqaid, Seyid İbrahim Rəisi, Seyid Əmirhüseyn Qazizadə Haşimi və Əbdünnasir Himməti arasında gedir.

13-cü prezident seçkiləri və Şəhər və Kənd Bələdiyyələri üzrə 6-cı seçkilər səhər saat 07:00-dan başlayıb və gecə saat 00:00-dək davam edəcək. Səsvermə müddətinin 19 iyun saat 02:00-dək uzadılmasının mümkün olduğu bildirilib.

Ölkə üzrə 13-cü prezident seçkiləri üçün 66 min 800 seçki məntəqəsi, Şəhər və Kənd Bələdiyyələri üzrə 6-cı seçkilər üçün isə 75 min 15 seçki məntəqəsi nəzərdə tutulub.

18 iyun seçkilərində səsvermə hüququna malik olanların sayı 59 milyon 310 min 307 nəfərdir, bu rəqəmdən 1 milyon 392 min 148 nəfəri ilk dəfədir ki, səs vermək hüququ əldə edir.

13-cü prezident seçkilərini  226 xarici mediadan 500 müxbir işıqlandırır. Bu sayda jurnalist 39 ölkəni təmsil edir. İranda 13-cü prezident seçkilərini işıqlandıran jurnalistlərin mənsub olduqları ölkələr arasında, Azərbaycan Respublikası, Türkiyə, Rusiya, Çin, Yaponiya, ABŞ, Britaniya, Fransa və Almaniya da yer alır.

İİR-da 13-cü Prezident seçkilərinin ilkin nəticələrinin 19 iyun şənbə günü elan ediləcəyi bildirilib.