Sen 09, 2021 10:26 Asia/Baku
  • İran Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq, ŞƏT-ə qoşulma prosedurunun başlanılması Tacikistanda keçiriləcək sammitdə elan olunacaq.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə “Kommersant” qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləcək. Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.

Məqalədə qeyd olunub ki, tezliklə təşkilatın doqquz üzvü olacaq. Düşənbədə keçiriləcək sammitdə dövlət başçıları İran İslam Respublikasının öz sıralarına qəbul edilməsinin başlanıldığını elan etməlidirlər.

Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə mane olan siyasi maneələrin aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, ilk olaraq 1996 -cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən "Şanxay Beşliyi" adı ilə başlayan birlik 2001 -ci ildən Özbəkistanın da üzv olmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatı adlanıb.

Ötən dövrdə dünya iqtisadiyyatına təsirini sürətlə artıran ŞƏT 9 iyun 2017-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvədə Pakistan və Hindistanın tam üzvlüyünün təsdiqlənməsi ilə gücünü artırdı.

 

Teqlər