Sen 16, 2021 17:18 Asia/Baku
  • Çoxqütblü sistem dünyada yeni vəziyyət yarada bilər-Aktual şərh

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə keçirilən 21-ci sammitində İran İslam Respublikasının bu quruma tam hüquqlu üzv kimi daxil olmasının reallaşacağı gözlənilir.

SəhərAzəri-nin məlumatına əsasən, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bir müddət əvvəl ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə mane olan siyasi maneələrin aradan qaldırıldığını bildirmiş və demişdi ki, texniki rəsmiləşdirmələrdən sonra İranın üzvlüyü yekunlaşacaq.

Qeyd edək ki, ilk olaraq 1996 -cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən "Şanxay Beşliyi" adı ilə başlayan birlik 2001 -ci ildən Özbəkistanın da üzv olmasından sonra Şanxay Əməkdaşlıq Təşkilatı adlanıb.

Bunun ardınca ŞƏT-in qurulması haqqında bəyannamə 2001-ci ilin iyun ayı 6 ölkə - Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən Şanxayda imzalanıb.Təşkilatın işində həmçinin 6 müşahidəçi ölkə yəni Monqolustan, Hindistan, İran, Pakistan, Əfqanıstan və Belarus, habelə 6 dialoq tərəfdaşı yəni Şri-Lanka, Türkiyə, Azərbaycan, Ermənistan, Kamboca və Nepal iştirak edirlər.

Bu arada ötən dövrdə dünya iqtisadiyyatına təsirini sürətlə artıran ŞƏT 9 iyun 2017-ci ildə Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvədə Pakistan və Hindistanın tam üzvlüyünün təsdiqlənməsi ilə gücünü artırdı.

Hazırda 6 il müşahidəçi üzv kimi fəaliyyətdən sonra zəngin enerji resursları və iqtisadi potensialı ilə İranın yeni status qazanması heç şübhəsiz Şanxay Əməkdaşlıq Təşkilatının mövqeyini daha da gücləndirə bilər.

Müşahidəçilər bildirirlər ki, planetimizin məsahəsindən dörddə birini və yer kürəsi əhalisinin yarısını ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatının öz sıralarını genişləndirməsi çoxqütblü sistemin yaranması deməkdir ki, bu da istər istəməz ABŞ-ın başçılıq etdiyi təkqütblü sistemin həyatına son nöqtəni qoya bilər.  

Teqlər