İranın Bakıdakı sabiq səfiri reaksiya verdi
“Əliyevin İrana qarşı dedikləri yalan ittihamlardır”
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı keçmiş səfiri İlham Əliyevin İrana qarşı dediklərini yalan ittihamlar kimi xarakterizə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Möhsün Pakayin deyib ki, İran narkotiklərlə mübarizənin önündədir və mübarizədə xüsusi canfəşanlıq göstərərək böyük və çoxlu şəhidlə verib.
Onun sözlərinə görə, Avropa İrana narkotik qaçaqmalçılığına qarşı mübarizəyə görə həmişə təşəkkür edib və hətta Azərbaycanın özü də bu istiqamətdə İranla əməkdaşlıq edib. Bu səbəbdən Bakının indi irəli sürdüyü ittihamlar tamamilə əsassızdır.
Əliyevin Azərbaycanın daxili tələblərindən və problemlərindən xilas olmaq üçün İrana qarşı qara-piar üsuluna əl atdığını vurğulayan sabiq diplomat qeyd edib ki, bəlkə də o, bu kimi məsələləri qaldırmaqla Dağlıq Qarabağdakı mövcud böhranı idarə etmək istəyir. Çünki Qarabağ Rusiyanın nəzarəti altında olsa da və dolayısı ilə Ermənistanın nəzarətindədir. Məhz bu səbəbdən də Əliyev daxili tənqidlərlə üzləşir.
Sabiq səfir İlham Əliyevi ittiham edib ki, o diqqətləri Dağlıq Qarabağın azad edilməsindən yayındıran məsələləri gündəmə gətirir və İranı narkotik vasitələrin qanunsuz dövriyyəsində Ermənistanla əməkdaşlıqda günahlandırır, halbuki, bunu heç Avropa da təsdiqləmir. Təəssüf ki, indi Azərbaycan hakimiyyəti sərhədçilərimizi tərifləmək əvəzinə qınanmalı olan saxta ittihamlar irəli sürür. Beləliklə də Əliyevin böhran və gərginlik yaratmaqla ictimai rəyi və siyasi cərəyanları başqa istiqamətə yönəltmək istədiyi qənaətinə gəlinir.