Fev 07, 2022 17:18 Asia/Baku
  • Xətibzadə
    Xətibzadə

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Avropalılar fəaliyyətsizliyi və ABŞ-ın sədaqətsizliyini bir kənara qoymaq üçün hərəkətə keçməlidirlər və İran ABŞ və Avropanın davranışlarında əməli dəyişikliklər gözləyir".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə Tehranda keçirdiyi həftəlik mətbuat brifinqində Vyana danışıqları ilə bağlı deyib: "Nümayəndə heyətlərinin, o cümlədən ABŞ-ın Nüvə Sazişinə uyğun olaraq öhdəliklərini yerinə yetirmək və sanksiyaların ləğvi ilə bağlı aydın təlimatlarla Vyana danışıqlarına geri dönməsi gözlənilir".

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ rəsmilərinin növbəti administrasiyanın nüvə anlaşmasına sadiq qalacağına dair zəmanət verə bilməyəcəkləri ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib: "İran və 4+1 qrupu ölkələri, həmçinin Avropa İttifaqının nümayəndəsi bu məsələdə israrlıdırlar ki, ABŞ hökuməti gələcək üçün düzgün zəmanət verməlidir".

Xətibzadə vurğulayıb: "ABŞ rəsmiləri bilməlidirlər ki, dağıdıcı və yanlış qərarlarının, o cümlədən nüvə sazişindən qeyri-qanuni çıxışın əvəzini İran xalqının cibindən ödəyə bilməzlər. Onlar İran xalqının etimadını qazanıb, getdikləri yoldan geri döndərməlidirlər".

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin baş nazirinin Vyana danışıqları ilə bağlı iddialarına reaksiyada deyib: "Sionist rejim bölgənin hər yerində terrorun və qan tökülməsinin səbəbkarıdır; Bizim regiondakı dostlarımız bu saxta rejimin fitnələri qarşısında ayıqdırlar". 

İran və Səudiyyə Ərəbistanı arasında danışıqlara toxunan sözçü deyib ki, Tehran danışıqları Bağdadda davam etdirməyə hazırdır, lakin danışıqların davam etdirilməsi Ər-Riyadın qərarından asılıdır.

Xətibzadə İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Qüds Qüvvələrinin komandanı general  İsmayıl Qaaninin İraqın Ərbil şəhərinə səfəri barədə isə deyib: "İranın prinsipial siyasəti İraqda milli birlik və bütün iraqlı qrupların iştirakı üçün səy göstərmək olub və bu istiqamətdə əlimizdən gələni edəcəyik".

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin ABŞ-ın bölgədə sionist rejim və Səudiyyə Ərəbistanı ilə keçirdiyi dəniz təlimləri ilə bağlı deyib: "Regiondan kənar güclərin bu regionda qeyri-qanuni mövcudluğu on illiklərdir ki, regionda əmin-amansızlıq və müharibə mənbəyi olub".

Teqlər