Mart 31, 2022 11:37 Asia/Baku
  • Əmir Abdullahian
    Əmir Abdullahian

İranın xarici işlər naziri Çinin Tunsi şəhərində keçirilən Əfqanıstan qonşularının üçüncü iclasında Əfqanıstanda inklüziv milli hökumətin qurulması ilə paralel olaraq, regional bir mexanizmin yaradılmasının vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanla qonşu ölkələrin üçüncü iclası Çinin Anhuy əyalətinin Tunsi şəhərində, İran, Pakistan, Çin, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Qətərin xarici işlər nazirləri və ya nümayəndələrinin iştirakı ilə keçirilir və bu gün başa çatacaq.  

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu iclasda etdiyi çıxışında deyib: "Əfqanıstandakı problemlərin kökü bu ölkənin uzun müddət işğal altında olması və işğalçıların, xüsusən də ABŞ-ın yanlış siyasətidir".

Əmir Abdullahian əlavə edib: "Əfqanıstanın uzunmüddətli işğalı nəinki onun inkişafına heç bir töhfə vermədi, əksinə bir növ asılılığa səbəb oldu ki, bu da işğalçılar geri çəkildikdə Əfqanıstanın siyasi və iqtisadi strukturlarının dağılması ilə nəticələndi və həmişə olduqu kimi məzlum Əfqanıstan xalqını məğlub və qurban kimi tərk etdi.

İranın xarici işlər naziri Əfqanıstanda hələ də terrorizm və onun yayılması təhlükəsinin ciddi olduğunu və burada ABŞ-ın izlərinin göründüyünü bildirib və deyib: " ABŞ bu gün Əfqanıstanın yenidən qurulmasında iştirak etməkdən danışmır, halbuki bu ölkəni 20 il işğal altında saxlamışdı və xalqa kömək etmək üçün heç bir addım atmadı". 

Əmir Abdullahian kollektiv tədbirləri və məlumat mübadiləsini asanlaşdırmaq və idarə etmək üçün Əfqanıstanın qonşuları tərəfindən terrorla mübarizə siyasətini əlaqələndirmək üçün mövcud strukturlar və ya müstəqil qurumlar çərçivəsində xüsusi təhlükəsizlik mexanizmin yaradılmasını təklif edib. 

İranın yüksək səviyyəli diplomatı Əfqanıstan xalqını dəstəkləmək üçün bu ölkədə inklüziv milli hökumətin qurulması ilə paralel olaraq, regionda mexanizm və pul fondunun yaradılmasını zərurət adlandırıb və deyib: "Bizim gözləntimiz budur ki, hakim qurum bununla bağlı daha əməli tədbirlər görsün".

Teqlər