Rəisi qərblilərin böhran yaratmalarını tənqid edib
İran İslam Respublikası prezidenti deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə İran əleyhinə qətnamənin qəbul edilməsi İran xalqına qarşı təzyiq yaratmaq məqsədi daşıyan böhran yaradan bir hərəkət idi.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi şənbə günü Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Amerika və Avropa ölkələrinin İrana qarşı hərəkətlərini və qeyri-konstruktiv mövqelərini pisləyib və əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə İran əleyhinə qətnamənin qəbul edilməsi siyasi etimada zərbənin vurulmasına səbəb olub.
Amerika, həmçinin İngiltərə, Fransa və Almaniyadan ibarət Avropa Üçlüyünün İrana qarşı təklif etdiyi qətnamə Çin və Rusiyanın ciddi müxalifətlərinə rəğmən, iyunun 8-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının rüblük iclasında qəbul olundu.
Agentliyin baş direktorunun tələsik və müvazinətsiz hesabatı əsasında və sionist rejimin yalan və uydurma məlumatlarına əsaslanan bu qətnamənin qəbul edilməsi İranın cavabı ilə üzləşdi.
Agentliyin qeyri-konstruktiv yanaşması və bu qətnamənin qəbul edilməsinə görə, İran İslam Respublikası modern sentrifuqaların quraşdırılması və müahidədən kənar kameraların fəaliyyətlərinin dayandırılması da daxil olmaqla əks tədbirlər gördü.
Amerika və Avropa Üçlüyünün bu anti-İran hərəkəti göstərdi ki, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlarda iştirak edən Qərb tərəfləri agentliyin siyasi qətnaməsindən İrana təzyiq vasitəsi kimi və Vyana danışıqlarını çıxılmaz vəziyyətdən qurtarmaq üçün istifadə edirlər. Əslində, ABŞ agentlikdən və texniki məsələlərdən sui-istifadə etməklə, İranı öz qanuni və haqlı tələblərindən geri çəkilməyə məcbur etmək və bununla öz sövdələşmə gücünü artırmağa çalışıb.
Aydındır ki, sanksiyaların davam etdirilməsi, agentlikdə qətnamənin qəbul edilməsi və ABŞ-ın İrana qarşı ikili diplomatiya siyasətindən və maksimum təzyiqindən istifadə etməsi nəinki Vaşinqton tərəfindən etimadyaratma tədbirlərinin göstəricisi sayılmır, əksinə bir daha Amerikanın danışıqlardakı çoxtələblikləri və nüvə anlaşmasından kənar tələblərini göstərdi. Belə bir halda, İran İslam Respublikasının rəsmiləri dəfələrlə vurğulayıblar ki, İran heç vaxt qarşı tərəfin çoxtələbliklərinə təslim olmayacaq.
İran İslam Respublikası prezidenti Fransa prezidenti ilə telefon danışığında İranın mövqeyini bir daha xatırladıb və vurğulayıb: İran İslam Respublikası anlaşmanın əldə olunmasının müahidə məsələlərinin tam həllindən, həmçinin tərəflərin nüvə anlaşmasına etibarlı sədaqətlərinin davam etməsi və İran xalqının iqtisadi mənafelərinin təmin edilməsi qarşısında lazımi təzminatların təqdim edilməsindən asılı olduğunu bildirir.
Seyid İbrahim Rəisi həmçinin İranın dünyanın müxtəlif ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıqlarının nəzərəçarpacaq dərəcədə inkişafına işarə edib və Amerikanın İrana qarşı sanksiyalarının dünya iqtisadiyyatı, xüsusilə də Avropa iqtisadiyyatının zərərinə olduğunu bildirib.
Qərbin bəzi ölkələrin, o cümlədən İran və Rusiyanın enerji sektorlarına tətbiq etdiyi sanksiyalardan sonra enerji idxalından çox asılı olan Qərb ölkələrində, xüsusilə də Avropada neft və benzinin qiyməti kəskin şəkildə artıb və bu ölkələri enerji mənbələrinin təmini sahəsində problemlə üzləşdiribdir.
Bu məsələ hətta Fransanın qiymət artımının qarşısını almaq üçün İran və Venesuela neftinin bazara qaytarılmasını tələb etməsinə səbəb olubdur.
Bununla bağlı, Bloomberq informasiya agentliyi də İrana qarşı sanksiyaların ləğvi üzrə danışıqların eniş-yoxuşlarına istinadla yazıbdır ki, dünyanın hər zamandankından daha çox neftə ehtiyac duyduğu bir halda, Amerika prezidenti Co Baydenin nüvə anlaşmasını bərpa etməyə olan ümidləri zəifləməkdədir.
Buna görə, dünya enerji bazarındakı mövcud qarışıq vəziyyət enerji təhlükəsizliyinin təhlükəyə düşməsinə səbəb olacaq və xüsusən qarşıdan gələn qış fəslində avropalı idxalçılar üçün nigaranedici nəticələrə zəmin yaradacaq. Şübhəsiz, belə bir şəraitin yaranmasının əsas səbəblərindən biri, dünyada ən çox neft və qaz ehtiyatlarının sahiblərindən biri olan İrana qarşı qəddarcasına sanksiyalardır.