137 məhbusun Azərbaycandan İrana qaytarılması üçün danışıqlar aparılır
Azərbaycan Respublikasının baş prokuroru deyib: "Azərbaycanda bir sıra iranlı məhbus var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi əsasında ekstradisiya edilə bilərlər, həmçinin 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır".
SəhərAzəri-nin məlumatına əsasən, bir neçə saat əvvəl İrana gələn Azərbaycan Respublikasının baş prokuror Kamran Əliyev Tehranda Ədliyyə Sarayında olaraq, iranlı həmkarı Məhəmməd Cəfər Müntəziri ilə görüşüb.
Görüş zamanı Kamran Əliyev Azərbaycan və İran İslam Respublikasının iki dost ölkə olduğunu bildirib.
"Bu mənim İrana ikinci səfərimdir və hər iki halda özümü evimdəki kimi hiss etmişəm", - deyə o, bildirib.
Baş prokuror Azərbaycan Respublikasının müstəqilliyinin elanından sonra İranın onu ilk tanıyan ölkələrdən biri olduğunu bildirib və həmin dövrdən etibarən Tehran və Bakı arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
Kamran Əliyev xatırladıb: "Xoşbəxtlikdən bu əlaqələr bu gün də davam edir. Misal üçün iki ölkə prezidentlərinin son görüşlərinə işarə edə bilərəm ki, bu görüşlər zamanı bir çox sazişlər imzalandı".
"Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə də müsbət təsir göstərəcək. Təəssüf ki, münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da olur. Bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq", - deyə Azərbaycanın baş prokuroru vurğulayıb.
Baş prokuror əsas iki qrup məsələnin müzakirə olunacağını deyib.
"Birinci qrupa sərhəd və gömrük məsələləri, ekoloji problemlər, humanitar məsələlər, səfirlik və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələlər, təhlükəsizlik məsələləri daxildir. İkinci qrupda cinayətkarların ekstradisiyası məsələsi var", - deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycanda bir sıra iranlı məhbus var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi əsasında ekstradisiya edilə bilərlər, həmçinin 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır.
Azərbaycanın baş prokuroru sözlərinin başqa bir hissəsində ekoloji məsələrə toxunaraq, deyib: "Ekoloji məsələlərə gəlincə, siz erməni həmkarınızla görüşdüyünüzü dediniz, amma Araz bölgəsində onların nə dərəcədə vicdanlı olduğunu bilmirəm, çünki onların Araz çayına sənaye tullantılarını axıtması barədə məlumatımız var".
Kamran Əliyev bundan başqa, məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını bildirərək, deyib: "Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildikləri üçün ölkəmizə qaytarılmalarını gözləyirik".