İran və Azərbaycan prezidentləri Astanada görüşüblər
Rəisi: Azərbaycan İran üçün çox vacib tərəfdaşdır
Oktyabrın 13-də Astanada İran İslam Respublikasının prezidentinin Azərbaycan Respublikasının prezidenti ilə görüşü olub.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi azərbaycanlı həmkarı ilə görüşdə deyib ki, Azərbaycan Respublikası İran İslam Respublikasının qonşuları içərisində İran üçün çox vacib tərəfdaşdır.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran prezidenti deyib ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.
Rəisi sonra İran və Ermənistanın tarixi sərhədlərində, regionun geosiyasətində və tranzit marşrutunda istənilən dəyişikliyi rədd edib və bildirib ki, İran bu məsələdə qətiyyətlidir.
İan prezidenti həmçinin Avropanın hər hansı pərdə altında regionda hərbi mövcudluğunun əleyhinə çıxış edib.
Azərbaycan prezidenti İlham Əliyev isə ölkəsinin müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayaraq, bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb. Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib və Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmaq mümkündür.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edilib.