Şərqi Azərbaycanın inkişafı İranda 13-cü hökumətin diqqət mərkəzindədir
Rəisinin Şərqi Azərbaycana səfəri məhsuldar olub – AKTUAL
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin Şərqi Azərbaycana son səfəri bölgənin inkişafına təkan verəcəkdir.
SəhərAzəri-nin məlumatına əsasən, Prezidentin bu səfəri Şərqi Azərbaycanın inkişafı və çiçəklənməsi prosesində yeni bir səhifə kimi qeyd oluna bilər. 220 sənaye və istehsalat bölməsinin dirçəldilməsi, xüsusən də Təbriz maşınqayırma zavodunun inkişafı və “Təbriz-Miyana” dəmir yolu layihəsinin açılışı ən çox diqqətçəkən tədbirlərdən idi. Bu səfərin əhəmiyyətinin başqa bir tərəfini əyalət əhalisinin prezidentə və xalq hökuməti karvanının pişvazına çıxmasında görmək olar. İstər camaat yığıncağında, istər prezidentin nitqində, istərsə də karvan yolunda əhali hökumət və millətin birlik və həmrəyliyinin möhtəşəm təzahürlərini nümayiş etdirdi.
Nəzərdən qaçırmaq olmaz ki, istehsal planlarının icrası, istehsalat bölmələrinin canlanması hökumətin ilin şüarının reallaşmasına, yəni istehsalın artmasına, inflyasiyanın qarşısının alınmasına doğru addım atmasından xəbər verir. Məhz bu istiqamətdə Ayətullah Rəisi Şərqi Azərbaycana səfərinə Təbrizin yaxınlığında yerləşən sənaye kompleksini ziyarət etməklə başlayıb. Hökumət başçısı bu sənaye şəhərciyinə səfəri zamanı orada çalışan fəhlələr ilə səmimi və birbaşa söhbət edib, onların məşğulluğu, dolanışığı ilə maraqlanıb.
Sonra İran Traktorsazi şirkətinin istehsal xəttinə baş çəkərkən bu sənaye qrupunun iki yeni məhsulunu təqdim edib.
Rəisi Təbriz Maşınqayırma Şirkətinə də baş çəkib və ona şirkətin son fəaliyyəti və istehsal vəziyyəti barədə məlumat verilib.
Prezidentin Şərqi Azərbaycana səfərinin proqramı təkcə sənaye və istehsal layihələri ilə bağlı deyildi, eyni zamanda mədəniyyət sahəsinə də xüsusi diqqət yetirildi. Bununla əlaqədar Məqbərətüş-şüərada keçirilən mərasimdə çıxış edən hökumət başçısı təbrizli ədəbiyyatçıların türk-İran ədəbiyyatı fondunun yaradılması təklifini dəstəkləyib.
Rəisinin vilayət səfərinin ikinci günü isə mühüm bir layihənin açılışı ilə yadda qalıb; Təbriz dəmir yolunun tamamlayıcı hissəsi kimi prezident tərəfindən 44 km-lik dəmir yolunun açılışı ilə Tehrandan Təbrizə gedən dəmir yolu xətti 114 km qısalır və vaxtda 4 saat qənaət olunur. Həmçinin, Bostanabad-Təbriz dəmir yolu layihəsinin istifadəyə verilməsi ilə İranın dəmir yolu tranziti ilk dəfə olaraq Avropaya qoşulacaq, onun Naxçıvan, İrəvan və Tbilisi dəmir yolları ilə əlaqəsi təmin olunaraq Azərbaycan Respublikası, Ermənistan, Gürcüstan və Türkiyə ilə mal mübadiləsi artacaqdır.