"Sən İrandan danış"
İran dünya mediasını İran qadınlarının həyat reallıqlarını işıqlandırmağa dəvət edir
İran İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının xaricdə qadın və ailə məsələləri üzrə baş direktoru "Sən İrandan danış" adlı beynəlxalq kampaniyanın təfərrüatlarını açıqlayıb.
O, bildirib: "Bu kampaniyada dünyanın hər yerindən olan media fəallarını, sənədli film rejissorlarını, kinematoqrafçıları və sosial media fəallarını İrana səfər etməyə dəvət edirik ki, vasitəsiz, öz təcrübə və müşahidələri əsasında İrandan və İran qadınlarının nailiyyətlərindən bəhs edən rəvayətlərini təqdim etsinlər".Dr. Zeynəb Rəstqarpənah İranda fəaliyyət göstərən xarici media nümayəndələrinin iştirakı ilə keçirilən "Sən İrandan danış" beynəlxalq kampaniyasının mətbuat konfransında çıxış edərkən deyib: "İllərdir beynəlxalq arenada İran, xüsusilə də İran vətəndaşlarının və qadınlarının vəziyyəti ilə bağlı dominant bir rəvayətlə qarşılaşırıq; bu rəvayət mütləq şəkildə İran qadınlarının həyat reallıqlarını əks etdirmir".
O əlavə edib: "Dünya mediasında İran haqqında yayımlananlar bəzən məhdud baxışların və ya şəxsi təcrübələrin məhsuludur, bəzi hallarda isə reallıqların şişirdilməsi, dəyişdirilməsi və ya bir hissəsinin gizlədilməsi ilə müşayiət olunur. Buna görə də, ilk dəfə olaraq dünyanın hər yerindən olan media və sənət fəallarına bu fürsəti vermək qərarına gəldik ki, İrana gələrək İran cəmiyyətinin reallıqları ilə bilavasitə tanış olsunlar".İran İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının baş direktoru qeyd edib: "Bu kampaniyada sənədli film rejissorları, kinematoqrafçılar, media fəalları və sosial media istifadəçiləri İrana dəvət olunur ki, gəlib İran qadınlarının potensialları, nailiyyətləri və yaşadıqları təcrübələrlə yaxından tanış olsunlar və öz rəvayətlərini yaratsınlar".Rəstqarpənah sözlərinə belə davam edib:
"Əgər iranlı bir kinematoqrafçı İranın reallıqları haqqında film çəkib xarici festivallara təqdim edərsə, onun əsəri 'İran hökumətinin dəstəyi ilə çəkilib və müstəqil deyil' kimi mühakimələrlə qarşılaşa bilər. Buna görə də qərara aldıq ki, bu dəfə dünya media və sənət fəallarının özlərini dəvət edək ki, İrana gəlsinlər və gördüklərini, yaşadıqlarını özləri qələmə alsınlar (və ya çəksinlər)".
O, xarici sənədli film rejissorları və kinematoqrafçıların İranda iştirak qaydası ilə bağlı suala cavab olaraq bildirib: "Kampaniyada iştirak edəcək şəxslərin İrana gəlişi üçün icazələr, onların təqdim etdikləri tərcümeyi-hallarına və İranda işləmək üçün hazırladıqları layihələrə uyğun olaraq veriləcək".