İyun 13, 2023 17:11 Asia/Baku
  • İranın Atom Enerjisi Təşkilatı müxtəlif sahələrdə 159 mühüm nailiyyət əldə edib

İranın Atom Enerjisi Təşkilatının rəhbəri bildirib ki, bu təşkilat 1401-ci günəş ilində müxtəlif sahələrdə 159 mühüm nailiyyət əldə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Eslami bazar ertəsi axşam İran televiziyasına verdiyi açıqlamada deyib: "Şüalanma sistemləri sahəsində gündəlik 20 ton gücündə qamma şüalanma sistemi istifadəyə verdik və onu yerli layihə ilə təkmilləşdirdik. Həmçinin 50 və 100 tona çatdırmağı hədəflədik və buna nail olduq".

Eslami əlavə edib: "Kənd təsərrüfatı sahəsində həşəratların sterilizasiyası üçün rentgen sistemini də təqdim etdik və ideyanı məhsula çevirməyə nail olduq".

İranın Atom Enerjisi Təşkilatının sədri daha sonra deyib: "Bu sistemlərlə biz zərərvericiləri yox edirik və qida israfının qarşısını alırıq".

Məhəmməd Eslami sözlərini belə davam etdirib: "Biz plazma məsələsində də uğur qazanmışıq ki, bu da sənaye, iqtisadiyyat, ətraf mühit və digər məsələlərdə effektivdir".

"Məsələn, quru meyvələrə gəlincə, zərərvericilər püstə üçün problem yaradıb və biz püstə üçün ilk plazma detoksifikasiya qurğusuna doğru irəliləyə bildik", - deyə İslami əlavə edib.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri radioaktiv dərmanlar məsələsinə toxunaraq, deyib: "Statistikaya görə, ölkədə bir il ərzində bir milyon xəstə radiofarmasevtik vasitələrdən istifadə edib. Biz radioaktiv dərmanlardan istifadə edərək, 30 növ xərçəngə diaqnoz qoya bilərik və xəstələr onlardan istifadə edə bilərlər".

O əlavə edib: "Əgər bizdə nüvə yanacaq dövrü olmasa, bu xidmətləri insanlara təqdim edə bilmərik".

Eslami İran prezidentinin Venesuelaya səfərinə toxunaraq, deyib: "Biz radiasiya və tibb sahəsində Venesuela ilə əməkdaşlıq edəcəyik".

Atom Enerjisi Təşkilatının rəhbəri Atom enerjisi istehsalı və ölkənin bu sahədəki son vəziyyəti ilə bağlı deyib: "Hər bir nüvə stansiyasının tamamlanması yeddi il çəkir; Biz həyata keçirilən planlama ilə 2041-ci ilə qədər 20 min meqavat nüvə enerjisinə nail olmaq istəyirik".

Teqlər