İran XİN rəhbəri Livanda Müqavimət liderləri ilə görüşüb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livanda Fələstinin HƏMAS və İslami Cihad Hərəkatlarının liderləri ilə geniş tərkibdə görüş keçirib.
İranlı diplomat Suriyaya iki günlük səfərindən sonra səfər etdiyi Livanın paytaxtı Beyrutda müqavimət liderləri ilə görüşü keçirib.
Görüşdə hər iki tərəf Fələstinin İsrail rejiminin işğalından azad edilməsinin vacibliyini vurğulayıb.
İranın xarici işlər naziri Müqavimət liderlərinə bildirib ki, İslam Respublikası hələ də Fələstin xalqına, müqavimətə və Fələstinin işğaldan azad edilməsinə dəstək vermək strategiyasına sadiqdir.
Əmir Abdullahian, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bəyanatına istinad edərək, işğal altındakı İordan çayının qərb sahilinə dəstək verilməsinin vacibliyini də vurğulayıb.
Öz növbəsində, Fələstinin müqavimət qruplarının rəhbərləri müqaviməti Fələstin xalqı üçün strateji seçim hesab etdiklərini bildiriblər.
Məlumata əsasən, Həmas və İslami Cihad Hərəkatlarının liderləri qeyd ediblər ki, mübarizənin bu mərhələsində İordan çayının qərb sahilindəki anti-sionist əməliyyatlarından geri çəkilmə olmayacaq. Onlar bu əməliyyatları "prioritet" adlandırıblar.