Okt 02, 2023 14:53 Asia/Baku
  • Kənani: Biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik

İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına münasibət bildirib.

Nasir Kənani həftəlik brifinqində deyib: “Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.

İran rəsmisi Qarabağın azad edilməsinə toxunaraq qeyd edib: “Qarabağla bağlı mövqeyimiz əvvəldən aydın idi: işğal olunmuş bu torpaqların Azərbaycana qaytarılmasını dəstəkləyirik”.

Diplomat sonra ixtilafların həlli prosesinə işarə edərək bildirib: “Biz dəfələrlə demişik ki, fikir ayrılıqlarının siyasi yolla həlli üçün bütün tərəflərin səy göstərməlidir və bu istiqamətdə Ermənistanla Azərbaycan arasında fikir ayrılıqlarının həllini alqışlayırıq”.

Onun sözlərinə görə, Qafqazdakı mübahisələrin həlli siyasi dialoqlar, regional potensialdan istifadə və kənar qüvvələrin müdaxiləsindən uzaq qalmaqla həll edilə bilər. “Bununla əlaqədar biz 3+3 formatı çərçivəsində regional dialoqları və digər ölkələrin məsləhətləşməsini alqışlayırıq və Qafqazda mövcud olan problemlərin həlli üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə Nasir Kənani vurğulayıb.