Rəisi ilə Ərdoğan Qəzzəni müzakirə edib
İran Prezidenti: Qəzzənin gələcəyinə ABŞ-ın müdaxiləsi yolverilməzdir
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.
Bildirilir ki, danışıqda İsrail rejiminin Qəzzəyə həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
İran prezidenti söhbət zamanı Amerikanın Qəzzə xalqının qatili olduğunu vurğulayaraq bildirib ki, Qəzzə xalqı bölgənin qanuni hökuməti olaraq HƏMAS vasitəsilə öz gələcəyi üçün qərar verməlidir və ABŞ-ın buna müdaxilə etmək və ya hər hansı qərar qəbul etmək hüququ yoxdur.
Onun sözlərinə görə, amerikalıların sionist rejimin dəhşətli cinayətlərində və məzlum Qəzzə xalqının qətliamında iştirakı bu dövləti rüsvayçı vəziyyətdə qoydu və beynəlxalq aləmdəki nüfuzunu heçə endirdi.
Seyid İbrahim Rəisi sonra iki ölkə arasındakı münasibətləri dostluq, tarixi və mehriban qonşuluq, dini dəyərlər və iki ölkənin ümumi maraqlarına əsaslanan münasibətlər kimi qiymətləndirib.
O, İran və Türkiyəni İslam dünyasının iki mühüm və nüfuzlu ölkəsi adlandıraraq birgə əməkdaşlığın İslam ölkələri arasında qarşılıqlı fəaliyyət modeli olacağına ümid etdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu telefon danışığında başda Türkiyə və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini dilə gətirib.
O həmçinin Tehran və Ankara arasındakı yaxşı və konstruktiv əlaqələrə toxunaraq, bu münasibətləri müstəsna səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
Ərdoğan sonda rəsmi Ankaranın iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu vurğulayıb.