İranın xarici işlər naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi
Əmir-Abdullahiyan: KTMT Qəzzə məsələsində daha təsirli tədbirlər görməlidir
İran İslam Respublikasının xarici işlər naziri KTMT-ni Qəzzə məsələsində daha təsirli tədbirlər görməyə çağırıb.
Hüseyn Əmir-Abdullahiyan bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetova məktub göndərib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri məktubda Fələstin xalqının müqəddratının onilliklər ərzində xunta İsrail rejimi tərəfindən pozulmasına toxunaraq, bir sıra beynəlxalq qurumların hərəkətsizliyini və İsrail rejiminin cəzasız qalmasını tənqid edib.
İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yayılan məlumata əsasən bildirilir ki, bu məktubda KTMT-nin baş katibindən İsrail rejiminin Qəzzə zolağına hücumlarını həmişəlik dayandırmaq, blokadanı aradan qaldırmaq və işğala son qoymaq üçün daha təsirli tədbirlər görməsi istənilib.
Əmir-Abdullahiyan həmçinin Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna işarə edərək bildirib ki, məhz sionist İsrailin cəzasız qalması bu rejimin ötən həftələr ərzində Qəzzə zolağındakı cinayətlərinə zəmin yaratmışdır.
Qeyd edək ki, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir.