İran Ermənistan-Azərbaycan birgə bəyanatını alqışlayır
Nasir Kənani: İki qonşu dövlətə sülhə nail olmaq üçün kömək etməyə hazırıq
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı son birgə bəyanatını alqışlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanaani mətbuata açıqlamasında deyib: “İran Bakı və İrəvanın etimadın yaradılması üçün qarşılıqlı tədbirlər, o cümlədən məhbusların azad edilməsi ilə bağlı birgə bəyanatını alqışlayır və bunu sülh sazişinin əldə olunmasında konstruktiv addım kimi qiymətləndirir”.
Onun sözlərinə görə, regionda davamlı sülhə nail olmaq üçün regional tərəflər arasında etimad mühiti və əməkdaşlıq lazımdır.
Kanani həmçinin İrəvan və Bakı arasında aparılan danışıqların bəhrə verəcəyinə ümid etdiyini bildirib və İranın iki qonşu dövlətə uzunmüddətli sülh sazişi bağlamaq üçün kömək etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, birgə bəyanatda Ermənistan və Azərbaycan münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətlərini bir daha təsdiqləyiblər.
Bu bəyanat əsasında Azərbaycan Respublikası humanizm dəyərlərinə söykənərək və xoşməramlılıq jesti olaraq 32 erməni hərbi qulluqçusunu, Ermənistan Respublikası da öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.