İranda prezident seçkilərinə 3 gün qaldı
İranda 14-cü prezident seçkilərinə 3 gün qalır. Seçkilərdə rəqabət aparan 6 namizəd öz təşviqat kampaniyasını davam etdirməkdədir.
Namizədlərin Milli teleradiodan təşviqat kampaniyasının davamında prezidentliyə namizəd Mustafa Purməhəmmədi 2-ci kanaldan yayımlanan “açıq söhbət”-də hər kəsi seçkilərin canlandırılmasına töhfə verməyə çağırıb. O bildirib ki, heç vaxt özünə əla qiymət vermir ona görə ki, özündən olan gözləntiləri daha çoxdur. O cəmiyyətdə yaranmış narazılıqlarda özünün də rol oynadığını dilə gətirib və bunun əvəzini çıxmağa çalışacağını deyib.
Digər namizəd Əlirza Zakani Xəbər kanalının “Eksklüziv müsahibə” verilişində, verdiyi sözü tutacağını vurğulayıb. Özünü digər namizədlərdən daha uyğun hesab edib, seçkilərdə sona qədər davam edəcəyini deyib ancaq eyni zamanda ölkə və inqilabın mənafeini nəzərə alacağını da xüsusi qeyd edib.
Məsud Pezeşkian Tehranda Şəhid Şirudi stadionunun Əfrasiabi zalında keçirilən təşviqat toplantısında gənclərə dəstək verəcəyini, onların aydın gələcəyinə töhfə verəcəyini deyib. Pezeşkian sanksiya səddinin sındırılmasına təkid edib. Xalqın dəstəyi ilə qanunsuz hərəkət edənlər qarşısında dayanacağını vəd edib.
Prezidentliyə digər namizəd Məhəmmədbağır Qalibaf isə Kürdüstan,Kirmanşah, Gülüstan, Sistan və Bəluçistanda sünni ağsaqqallarla görüşündə deyib ki, iranlı etniklər və dini azlıqlar İran pazelinin parçalarıdır. Qalibaf etnik və dini müxtəlifliyi göy qurşağına bənzədib və hamının ancaq biri birinin kənarında durması ilə bu göyqurşağının reallaşdığını diqqətə çatdırıb. Qalibaf deyib ki, etnik və dini mənsubiyyətdən daha önəmli olan layiqli şəxsi seçməkdir. O özünün güclü idarəçi olduğunu deyib.
Başqa namizəd Səid Cəlili Urmiyə əhalisi qarşısında etdiyi çıxışında mövcud fürsətlərin hər birinin ölkə üçün iqtisadi güc qazandıracağını deyib. O ölkənin malik olduğu güclü cəhətlərinə və fürsətlərə diqqət çəkib və bunların doğru düzgün qiymətləndirilməsi ilə İran üçün sıçrayışa səbəb olmağı mümkün hesab edib.
Xalq tərəfindən daha çox diqqət çəkən namizədlərin teledebatının 4-cü mərhələsinə isə bu gün 24 iyunda saat 20:00-da start veriləcək. “Müasir dünyada İran” başlıqlı siyasi mövzuları əhatə edən 4-cü teledebat 3 saat müddətində birinci kanaldan canlı yayımlanacaq.
İndiyədək 6 namizədin iştirakı ilə iqtisadi, ictimai və mədəni mövzularda 3 teledebat təqdim olunub.
Məsud Pezeşkian, Məhəmmədbağır Qalibaf, Səid Cəlili, Əlirza Zakani, Əmir Hüseyn Qazizadə Haşimi və Mustafa Purməhəmmədi İran İslam Respublikasının 14-cü prezident seçkilərində rəqabət aparan 6 namizədi təşkil edir.