Erməni rəsmi: Heç bir qüvvə İranla Ermənistanın quru əlaqəsini poza bilməz
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sübhani ilə görüşüb. Görüş zamanı Armen Qriqoryan İranın mövqelərinə görə, səfirə təşəkkür edib və vurğulayıb ki, heç bir güc onun ölkəsinin İranla quru əlaqəsini poza bilməyəcək.
İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu görüşdə İranın beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda istənilən geosiyasi dəyişikliyə qarşı olduğunu, həmçinin Tehranın qonşularının ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb və bu, Ermənistan rəsmisi tərəfindən müsbət qarşılanıb.
Görqş zamanı Qriqoryan da İranın Ermənistanın ərazi bütövlüyünə verdiyi dəstəyə və beynəlxalq sərhədlərin dəyişməzliyi ilə bağlı mövqeyinə görə səfirə təşəkkür edib.
Ermənistanın yüksək səviyyəli təhlükəsizlik rəsmisi isə öz növbəsində İran və Ermənistanın müştərək sərhədinin sülh, dostluq və dinc yanaşı yaşama sərhədi olduğunu və İrəvanın Tehranla münasibətlərə xüsusi önəm verdiyini bildirib və əlavə edib ki, heç bir qüvvə iki xalq arasında quru əlaqəsini pozmağa qadir deyil.
Qriqoryan, həmçinin xatırladıb ki, Ermənistan ərazisində istənilən blokun açılması Ermənistanın nəzarəti və suverenliyi altında baş verəcək.
O, bir daha qeyd edib ki, Ermənistan ekstraterritorial dəhliz məntiqində istənilən blokun açılmasına qarşıdır.
Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər də müzakirə olunub.