Tehrandan İsrailə xəbərdarlıq: İran dediklərinə qətiyyətlə əməl edir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejimi və onun havadarlarına xəbərdarlıq edib ki, İran dediklərinə qətiyyətlə əməl edir.
Nasir Kənani İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın İsrail rejiminin işğal etdiyi ərazilərə raket zərbələrindən bir neçə saat sonra özünün X sosial media hesabında yazıb: "BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, qanuni müdafiə hüququ və İranın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü illüziyaya qapılmış və azğın təcavüzkarlardan qorumaq üçün qətiyyətli və möhkəm hərəkət etdik".
O, əlavə edib: "İran silahlı qüvvələrinin bacarığı, şücaəti, qüdrəti və müdafiə iqtidarı və onların başında olan Ali Baş Komandanın müdrikliyi, dirayəti və qətiyyəti bütün iranlılar üçün fəxr və izzət mənbəyidir".
"Biz regionun sabitliyinə və təhlükəsizliyinə sadiqik və təcavüzkarlara qarşı sərt davranacağıq", - deyə Kənani qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı heç bir avantürist və ağılsız hərəkət cavabsız qalmayacaq.
Xarici İşlər Nazirliyinin sözçüsü sonda qeyd edib ki, regionun və Qərbi Asiyanın gələcək simasını köksüz və kimliyi bəlli olmayan təcavüzkarlar deyil, onun sahibləri və həqiqi və köklü xalqları çəkəcək.