Səid Rza Salehi Əmiri Adil Kərimli ilə görüşüb
Noyabrın 21-də COP29-la bağlı Azərbaycanda səfərdə olan İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənaye naziri Səid Rza Salehi Əmirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Məlumata görə, nümayədə heyətini salamlayan Adil Kərimli Bakının ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə iştirakına görə iranlı həmkarına təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın geniş perspektivləri var.
Xüsusilə, kitabxana, muzey işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi, eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın qurulması, ənənəvi musiqi festival və müsabiqələrində qarşılıqlı iştirak əlaqələrin inkişafına töhfə verə bilər.
Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Mədəni irs nümunələrinin UNESKO-nun müvafiq siyahılarına daxil edilməsi üçün müştərək nominasiya fayllarının hazırlanması, o cümlədən mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı birgə səylərin göstərilməsinin əhəmiyyəti vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən nazir Səid Rza Salehi Əmiri görüşə görə də təşəkkür edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir Salehi Əmiri mədəni irsin qorunması sahəsində dövlət-özəl tərəfdaşlığının zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparıla bilər. Eyni zamanda Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsi mümkündür.Söhbət zamanı COP29 çərçivəsində mədəni irs və ətraf mühit məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Sonda Adil Kərimli İranlı həmkarına xatirə hədiyyəsi təqdim edib.