İran prezidenti Tehranda İraqın baş nazirini qəbul edib
İran prezidenti Məsud Pezeşkian bu gün səhər Tehranda İraqın baş naziri Məhəmməd Şia Əs-Sudanini qəbul edib.
Rəsmi qarşılanma mərasimi Sədabad Kompleksində keçirilib.
İraqın baş nazirinin rəsmi qarşılanma mərasimindən dərhal sonra iki ölkənin rəsmi nümayəndə heyətləri ikitərəfli danışıqlara başlayacaqlar.
İraqın baş nazirinin İran prezidenti ilə təkbətək görüşü də gözlənilir.
Qeyd edək ki, İraqın baş naziri Məhəmməd Şia Əs-Sudani İran rəsmiləri ilə danışıqlar aparmaq üçün bu gün səhər Tehrana gəlib. Onu Mehrabad hava limanında İranın iqtisadiyyat naziri Əbdülnasir Hemmati qarşılayıb.
Bu səfər bir günlük olacaq və səfər zamanı ikitərəfli məsələlərin, regional və beynəlxalq hadisələrin, xüsusilə də Suriya problemlərinin müzakirəsi nəzərdə tutulub.
İraqın baş nazirini bu səfərdə bir neçə nazirdən ibarət yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir.