İran Fransanın terror qruplaşmasının yığıncağına ev sahibliyi etməsini pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransanın terrorçu münafiqlər qruplaşmasının iclasına ev sahibliyi etməsini terrorizmə dəstəyin bariz nümunəsi və Fransa hökumətinin terrorizmin qarşısının alınması və onunla mübarizə üzrə beynəlxalq hüquqi öhdəliyinin pozulması kimi qiymətləndirib.
İsmail Bəqayi terrorçu münafiqlər qruplaşmasının minlərlə günahsız vətəndaşın şəhid olması və ya yaralanması ilə nəticələnən terror aktlarının tarixçəsinə toxunaraq, eləcə də qruplaşmanın İrana qarşı 8 illik hərbi təcavüz zamanı Səddam rejimi ilə əlbirliyini xatırladaraq, terror qruplaşmasının Fransada mövcudluğunu və fəaliyyətini davam etdirməsini Fransa hökumətinin terrorizmlə mübarizə ilə bağlı beynəlxalq konvensiyalara və BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinə əsaslanan beynəlxalq hüquqi öhdəliklərinin pozulması, həmçinin “BMT Nizamnaməsinə əsaslanan hökumətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn əsas prinsiplərinə” zidd kimi xarakterizə edib.
Bəqayi vurğulayıb ki, Fransanın terrorizm qarşısında güzəştə getməsi və seçici davranışı Fransa hökuməti üçün beynəlxalq məsuliyyət yaradan cinayət əməlidir və etika və insan hüquqları standartları baxımından qınanılır və tamamilə rədd edilir.